
Bakı. Trend:
Yeni tədris prosesinin başlanması ilə bağlı Baş Dövlət Yol
Polisi (DYP) İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
İdarədən Trend-ə
bildirilib ki, müraciətdə deyilir:
“Tədris prosesinin başlanması ilə paytaxtın küçə və
prospektlərində nəqliyyatın hərəkəti daha da intensivləşir. Bu, ilk
növbədə məktəb və bağça ətrafında, eləcə də ali təhsil
müəssisələrinin yerləşdiyi ərazilərdə özünü göstərir. Belə şəraitdə
həm sürücülərin, həm valideynlərin, həm də şagird və tələbələrin
qaydalara ciddi əməl etməsi xüsusi əhəmiyyət daşıyır.
Sürücülərdən xahiş olunur ki, zəruri olmadıqda şəxsi
avtomobildən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük
versinlər, dayanma-durma qaydalarını pozmasınlar və təhsil
müəssisələrinin yaxınlığında sürəti azaldaraq daha diqqətli
olsunlar.
Valideynlər uşaqları məktəbə gətirərkən kortej şəklində hərəkət
etməməli, imkan daxilində eyni nəqliyyat vasitəsindən bir neçə
şagirdin daşınması üçün istifadə etməli, avtomobilləri yalnız icazə
verilən yerlərdə saxlamalıdırlar. Uşaqların avtomobildən düşməsi
zamanı onların mütləq səkiyə yaxın qapıdan çıxmasına nəzarət
edilməlidir.
Piyadalar, o cümlədən şagird və tələbələr, yalnız nişanlanmış
piyada keçidlərindən istifadə etməli, qəfil yola çıxmamalı, hərəkət
zamanı isə diqqətlərini yayındıran amillərdən uzaq
durmalıdırlar”.
Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris prosesinin başlanması
münasibətilə bütün təhsil ictimaiyyətini bir daha təbrik edir və
xatırladır ki, yollarda təhlükəsizliyin təmin olunması hər bir
hərəkət iştirakçısının məsuliyyətli davranışından asılıdır.