
Bakı. Trend:
Sanki bir il əvvəl yox, dünən idi… Sabunçu rayonunda yerləşən “üç əsrin şahidi” – 67 nömrəli tam orta məktəbdə daha bir tədris
ili başlanırdı.
“Balakhani Operating Company LTD” hasilat şirkəti XIX əsrin
sonunda Azərbaycan Neft Sənayedarlarının təşəbbüsü ilə təsis edilən
bu məktəbə sələflərinin himayədarlıq ənənəsini davam etdirərək
qonaq gəlmişdir. Məktəbə Azərbaycan və dünya ədiblərinin klassik
əsərlərindən ibarət geniş kitab kolleksiyası ayrıca guşə şəklində
hədiyyə olunurdu.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra 11ci sinif şagirdlərindən
biri şirkət prezidenti Rövşən Rzayevə yaxınlaşdı:
“Mən sizə öz kitabımı hədiyyə etmək istəyirəm. Ümid edirəm bir
gün mən də, sizin kimi ABŞ-da təhsil alacam, mən də Harvard məzunu
olacam”.
Rövşən Rzayev məktəblini təbrik etdi və soruşdu: “Kitab nə
barədədir?”
“Adı-Old Chap Rudy. İngiliscə yazmışam. Rudy köhnə radiodur.
Restoranın vitrinində eksponat kimi saxlanılsa da, ruhu ilə dünyanı
dolaşır.”
“Sən Rudy-dən fərqli olaraq dünyanı bilik axtraşında özün
dolaşmalısan”.
Onda bu qeydə təbəssümlə cavab verən 67 nömrəli məktəbin şagirdi
Cəmil Şirinov düz bir il sonra tədris ilini doğurdan da, ABŞ-da
başlayır.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsis edilən
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair dövlət proqramının” qalibi kimi Cəmil
dünyanın top 10 nüfuzlu ali təhsil ocaqlarından biri,
“Kaliforniyanın Berkeley Universiteti”nin kompüter elmləri
fakültəsinin tələbəsi adını qazanıb. O, olduqca rəqabətcil
beynəlxalq qəbul prosesinin qalibi kimi dünya şöhrətli
azərbaycanlı, professor Lütfi Zadənin bir vaxtlar dərs dediyi sinif
otaqlarında oxuyacaq.
Müəllifi olduğu kiçik kitabın arxasında Cəmil Şirinov yazırdı:
“Mən, gələcəyin mühəndisi, romantiki və xəyalpərəstiyəm. Özümə və
arzularıma inanıram.”
Cəmil kimi bu gün dərs ilinə başlayan minlərlə məktəbliyə də
belə xəyalpərəst olmağı arzu edirik. Bilin ki, arxanızda hər zaman
“qara qızılı”nı insan kapitalına çevirmək üçün çalışan müstəqil,
güclü Azərbaycan dövləti var!