
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidməti yanvar-avqust ayları ərzində işəgötürənlər
tərəfindən sosial xarakterli ödənişlər olan 349 334 manat vəsaitin
işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Trend
xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsait
işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitin 92 faizi
əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli
olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət
olub.
Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi
Xidməti 48 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri
pozulmaqla xitam verildiyini də müəyyən edib. Xidmətin
qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər
yenidən əvvəlki işlərinə bərpa olunublar.

