
Bakı. Trend:
“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla
bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə
məhkəmənin növbəti prosesi keçirilib.
Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
şahidlər ifadə verib.
Mərkəzdə xadimə çalışan, şahid qismində tanınan Yeganə Əhmədova
bildirib ki, təqsirləndirilən şəxsləri tanıdığını və mərkəzdə 6-7
ay müddətdə çalışırmış:
“Hadisə zamanı mən növbətçiydim. Reanimasiya otağını
təmizlədikdən sonra mətbəxə keçdim. Validə xanım otaqda yanğının
baş verdiyini dedi. Tez otağa gəldik. Küvezdən alov qalxdığını
gördük. Yanğını söndürməyə başladıq. Yanğın söndürülməsi ilə bağlı
biz təlim keçmişik”.
Şahidin istintaqa verdiyi ifadədə ziddiyyət olsa da, məhkəmədəki
ifadəsini təsdiq edib.
Şahid qismində tanınan Asif Dadaşov ifadə verib.
O, bildirib onun işi işim elektrik yuvalarının, lampaların işlək
vəziyyətinə nəzarət və onların dəyişdirilməsi , panellərdəki
elektrik xəttinə və elektrik yuvalarına baxmaq, onları dəyişmək
olub.
“Şöbələrdə nəyisə dəyişmək olurdusa, mən gedib gedirdim. Hər
şöbənin öz müdiri nəyisə dəyişmək lazım olduqda göstəriş
verib”.
Şahid bildirib ki, mərkəzdə qısa qapanma hadisələri əvvəl də
olub.
Hüquqi varis Emil Abasəliyev məhkəmədən təqsirləndirilən
şəxslərin ölkə xaricinə çıxması ilə bağlı qurumlara sorğu
göndərilməsini istəyib.
Məlum olub ki, təqsirləndirilən Mehriban Abasquliyeva barəsində
“polis nəzarəri altına vermə” qətimkan tədbiri olsa da, o iki dəfə
ölkə xaricində olub.
O, bununla heç yerə məlumat verib.
Mehriban Abasquliyevanın vəkili bildirib ki, müvəlkili xarici
ölkəyə çıxışında məhdudiyyət yoxdur:
“Kredit borcun gecikəndə səni ölkə xaricinə buraxmırlar. Belə bir
qadağa olsaydı, onun çıxışı mümkün olmazdı”.
Təqsirləndirilən Mehriban Abasquliyeva iki dəfə ölkə xaricində
olduğunu etiraf edib. Ölkəni tərk etmək üçün aidiyyatı qurumlara
məlumat verməli olduğundan xəbərdar olmadığını məhkəməyə
bildirib.
Məhkəmənin növbəti iclası 29 sentyabrda baş tutacaq.
Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal
Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.
Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3
(yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və
daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq
iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət
işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun
İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya,
reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların
intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki
palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4
nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat
məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il
tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin
tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə
qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin
elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb
olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən
Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları,
xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya
qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması
və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə
bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və
intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək
Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan
qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva
Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə
səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi
qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə
səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində
işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin
225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək
onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində “Respublika
Perinatal Mərkəzi”, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam
Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova
zərərçəkmiş qismində tanınıb.

