Emin Əmrullayev Bilik Gününü Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə qeyd edib

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 15-də Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə Bilik
Gününə həsr olunmuş tədbir keçirilib.

Trend
xəbər verir ki, tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, elm və təhsil
naziri Emin Əmrullayev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin
direktoru Tural Novruzov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri
Sənan Mənsimli, şəhid ailələrinin üzvləri, məktəb kollektivi,
şagirdlər və valideynlər iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin
bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə
Gözəlova giriş nitqi ilə çıxış edərək müəllim və şagirdləri yeni
dərs ili münasibətilə təbrik edib, məktəbin 227 şagirdlə yeni
tədris ilinə başladığını bildirib.




Elm və təhsil naziri Emin Əmrullayev çıxışında məktəbin qədim
tarixi və rəmzi əhəmiyyətinə toxunaraq müəllim və şagirdlərin
üzərinə düşən məsuliyyəti qeyd edib. Nazir bildirib ki, məktəb
yalnız biliklərin ötürülməsi deyil, həm də vətənpərvərlik, milli
dəyərlərə hörmət formalaşdıran mühitdir. Emin Əmrullayev çıxışının
sonunda müəllim və şagird heyətinə uğurlar arzulayıb, təhsil
sahəsində islahatların davam etdiriləcəyini diqqətə çatdırıb.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsi Aydın Kərimov çıxış edərək məktəb kollektivini və
şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib,
Şuşada bərpa olunan təhsil infrastrukturunun önəmini
vurğulayıb.

Tədbir məktəblilərin hazırladığı bədii hissə ilə davam
etdirilib.