Mərkəzi Bank avronun məzənnəsindəki dəyişikliklərin səbəblərini açıqladı

Baş səhifə

Bakı. Trend:

Bu ilin əvvəlinə olan məlumata görə, avronun Azərbaycan manatına
qarşı məzənnəsi 1,7500 manat təşkil edirdisə, hazırda bu rəqəm 2
manata qədər yaxınlaşıb (1 avro=1,9949 manat). Rəqəmlərdən də
göründüyü kimi, təkcə cari ilin ilk aylarındakı göstərici ilə ən
sonuncu arasında təqribən 14% artım müşahidə olunur. Avronun
məzənnəsinin bu həddə artması ən son 4 il əvvəl baş vermişdi. Bəs
rəqəmlərdəki dəyişikliyin səbəbi nə ilə əlaqədardır? Qarşıda
avronun manata qarşı məzənnəsi ilə bağlı gözləntilər nədən
ibarətdir?

Mövzu ilə bağlı Azərbaycan Mərkəzi Bankından (AMB) Trend-in sorğusuna cavab
olaraq bildirilib ki, avronun bahalaşması ABŞ dolları indeksinin
zəifləməsi fonunda baş verir.

Qeyd edilib ki, 2025-ci ilin 8 ayında spot dollar indeksi
təxminən 10.5% ucuzlaşıb (yəni, ABŞ dolları digər valyutalar
qarşısında ucuzlaşmışdır): “Bu zəifləmənin əsas səbəbləri kimi
ABŞ-nin pul siyasətinin yumşalacağına dair gözləntilərinin artması,
ABŞ-Çin ticarət gərginliyi fonunda investorların dollarda
investisiyalardan çəkinməsi, Avropada fiskal dəstək tədbirlərinin
iqtisadiyyata təsirləri və s. kimi məsələləri qeyd etmək olar”.




Məlumatda vurğulanıb ki, avronun məzənnəsindəki artımın
Azərbaycan iqtisadiyyatına təsirinin əhəmiyyətli olmayacağı
gözlənilir: “Çünki dolların ucuzlaşması daimi bir proses deyil,
müəyyən müddətdən sonra əks istiqamətdə dəyişiklik ehtimalı
yüksəkdir”.

“Mərkəzi Bank qlobal maliyyə bazarlarında gedən prosesləri
izləyir və makroiqtisadi sabitliyi qorumaq üçün arsenalındakı bütün
alətlərdən istifadə edir”, – deyə məlumatda qeyd edilib.