
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yeni
tədris ilinin başlanması münasibətilə təntənəli “Bilik Günü”
mərasimi keçirilib. Tədbirdə universitet rəhbərliyi,
professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak
ediblər.
Mərasim müasir, müstəqli dövlətimizin qurucusu ulu öndər Heydər
Əliyevin və Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin
bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin
səsləndirilməsi ilə başlayıb. Bunun ardınca universitetin rektoru
professor Gülçöhrə Məmmədova çıxış edərək yeni tələbələri və
onların valideynlərini təbrik edib.
Rektor bildirib ki, bu il ayrılmış 2 600 plan yerindən 2 554-ü
tutulub və qəbul 98,2% yerinə yetirilib. Ən yüksək nəticəni isə
648,6 balla Memarlıq ixtisasına qəbul olunan tələbə – Nuranə
İbrahimova göstərib. Bu il magistratura pilləsində isə ən yüksək
nəticə 89,5 balla Sənaye və mülki tikinti ixtisaslaşmasına qəbul
olunan Çingiz Qəşəmliyə məxsus olub. Bu göstəricilər gənclərin
universitetə etimadını və AzMİU-nun təhsil sahəsində nüfuzunu bir
daha təsdiqləyir.
Professor Gülçöhrə Məmmədova 2025-2026-cı tədris ilinin
universitet üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bu il
AzMİU-nun 50 illik yubileyi, eyni zamanda Azərbaycanda memarlıq və
inşaat təhsilinin 105 illiyi qeyd olunacaq. Rektor bildirib ki, bu
yubileylər universitetin keçdiyi inkişaf yoluna nəzər salmaqla
yanaşı, gələcək nəsillərin qarşısında böyük məsuliyyətlər və
hədəflər formalaşdırır.
Universitetin tarixinə toxunan rektor xatırladıb ki, ali
məktəbin əsası 1975-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
qoyulub və həmin vaxtdan etibarən AzMİU mühüm inkişaf yolu keçib.
Son illərdə isə Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı
nəticəsində universitetdə müasir laboratoriyalar və elmi mərkəzlər
istifadəyə verilib, maddi-texniki baza əhəmiyyətli dərəcədə
gücləndirilib.
Bu gün AzMİU yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə
də öz sözünü deyir. Universitet dünyanın nüfuzlu ali məktəbləri ilə
əməkdaşlıq edir, ikili diplom proqramları və beynəlxalq layihələr
həyata keçirir. Bütün bunlar tələbələrə həm Azərbaycanda, həm də
xaricdə rəqabətədavamlı mütəxəssis kimi yetişmək imkanı verir.
Mərasimdə çıxış edən AzMİU-nun rektor müşaviri professor Məsud
Əfəndiyev və yüksək balla qəbul olunan tələbələr də öz
təəssüratlarını bölüşüblər. Tədbirin sonunda isə yüksək balla
universitetə qəbul olan birinci kurs tələbələrinə hədiyyələr təqdim
olunub.

