Ermənistan vətəndaşlarının məhkəməsində Kərkicahana hücumlar və dinc sakinlərin öldürülməsi ilə bağlı sənədlər elan olunub

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 15-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası
vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi
sənədlərin elan olunması ilə davam etdirilir.

Trend xəbər
verir ki, elan olunan sənədlərdən biri 1988-1991-ci illərdə
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində törədilmiş kütləvi
iğtişaşlar, qəsəbədə yaşayan azərbaycanlı sakinlərin evlərinin
dağıdılması faktı üzrə şübhəli şəxslərin və şahidlərin ifadələri
ilə bağlı olub.

Elan olunan sənədə əsasən, şübhəli şəxs qismində dindirilmiş
Sarkisyan Georqi İsakoviç ifadəsində göstərib ki, 1988-ci il
sentyabrın 18-20-də ermənilər tərəfindən azərbaycanlıların evləri
dağıdılıb, yandırılıb, azərbaycanlılar Xankəndi şəhərindən
qovulublar.

Sənədə görə, G.Sarkisyan bildirib ki, dəstəsində Arkas, Şahin,
Razmik, Balayan qardaşları, sürücü Edik, Vanik və Vaçik qardaşları,
Qrişa, Maksim olub.




Həmin sənədə görə, şahid qismində dindirilmiş Səfərov Şahverdi
Bəhlul oğlu ifadəsində göstərib ki, 1988-ci ildən başlayaraq
Kərkicahan qəsəbəsində azərbaycanlıların yaşadığı evlərə basqınlar
olub, həmin basqınlara tanıdığı Jora adlı erməni təşkilatçılıq
edib.

Elan edilən sənədə əsasən, şahid qismində dindirilmiş Xaçaturyan
Aleksandr ifadəsində göstərib ki, 1988-ci ilin fevralından Araksi,
Kaprelyan Qurqen, Raça Beqlaryan və digərləri ermənilərin və
azərbaycanlıların aralarında düşmən münasibət yaratmağa
başlayıblar. Araksi Kərkicahan qəsəbəsində çıxış edərək,
azərbaycanlıları Qarabağdan qovmağa səsləyib. 1988-ci ilin fevral
ayından Sarkisyan Joranın başçılıq etdiyi silahlılar
azərbaycanlıların Qarabağdan qovulmasını təşkil edib, hərbi
paltarda gəzərək yanında olan şəxslərlə azərbaycanlılara qarşı
tədbirlər hazırlayıb.

Sənədə görə, zərərçəkmiş şəxs Abuzərov Əvəz Əli oğlu ifadəsində
göstərib ki, 1990-cı ilin avqust ayında Rzayev Tapdıq Köçəri oğlu
ermənilər tərəfindən odlu silahla qətlə yetirilib. 1991-ci il
iyunun 3-də Kərkicahan qəsəbəsinə ermənilər yenidən hücum ediblər.
Ramiz Salahov, Rəhimov Şükür Qasım oğlu, Sahilov Atdıxan Məmməd
oğlu, Səfərov Osman Mərdan oğlu və adlarını unutduğu şəxslər
ermənilər tərəfindən açılan atəşlərə məruz qalıblar. Həmin
hadisələr zamanı bəzi sakinlər yaralanaraq xəsarətlər alıb, Səfərov
Ağəli Aydın oğlu isə öldürülüb. 1991-ci il sentyabrın 25-də
Kərkicahana növbəti hücum olub. Həmin vaxt Hüseynov Aslan Mərdan
oğlu ayağından güllə yarası alıb. Sentyabrın 30-da ermənilər
avtomat silahdan atəş açıb Kərkicahan sakini Həsənov Telman Yelmar
oğlunu öz evinin qarşısında qətlə yetiriblər, daha sonra müəllim
Abuzərova Bənövşə Abduləzim qızını, habelə Tarverdiyev Əfqan Novru
oğlunu, Soltanov Saleh Hüseynqulu oğlunu, Salahov Nurəddin Musa
oğlunu və başqalarını yaralayıblar. Salahova Şəkər Sada qızının isə
Balasanyan Qədir Aşot oğlu tərəfindən yaralanmasını şəxsən görüb.
Dekabrın 28-də ermənilər hər tərəfdən Kərkicahana hücuma keçiblər.
1992-ci il yanvarın 13-də ermənilər atəş açaraq Əliyev İlham
Bahadur oğlunu qətlə yetiriblər.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının
məhkəməsi davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir