
Bakı. Trend:
Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi
tərəfindən Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının
iştirakı ilə qanunsuz balıq ovuna qarşı reydlər davam
etdirilir.
Trend
xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, 2025-ci il 10 sentyabr tarixində Qaradağ
rayonunda yerləşən Heydər Əliyev adına Dərin Özüllər Zavodu
yaxınlığında yerləşən ərazidə keçirilmiş reyd zamanı balıqovlama
bileti olmadan qanunsuz balıq ovlayan vətəndaşlar Elşən Əliağa oğlu
Həmzəyev və Mehman Xəlil oğlu Babayev müəyyən edilərək barələrində
qanunvericiliyə uyğun tədbirlər görülüb.
“Onlardan tor vasitəsilə qanunsuz ovlanmış 1873 ədəd krevet
götürülərək müvəqqəti saxlanması üçün Su Nəqliyyatında Polis
İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilib.
Qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının
qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə müvafiq
dövlət qurumları tərəfindən mütəmadi olaraq nəzarət tədbirlərinin
həyata keçirilməsi davam etdiriləcək.
İctimaiyyətə bir daha xatırladırıq ki, qanunsuz balıq ovu
qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni
tədbirlər görüləcəkdir”,- deyə əlavə edilib.

