
Bakı. Trend:
“AzerGold” QSC-nin təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin
dəstəyi ilə Daşkəsən rayonunda keçirilən növbəti səyyar tibbi
müayinə aksiyası uğurla yekunlaşıb.
“Öncə sağlamlıq!” devizi altında təşkil olunan aksiyada “Çovdar”
qızıl mədəninin yaxınlığında yerləşən Çovdar kəndi, Şadax yaşayış
məntəqəsi, Çaykənd, Quşçu, Bayan və digər kəndlərin sakinləri 3 gün
müddətində ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən
yararlanıblar.
Aksiyanın ilk günündə şəhid ailələri, o cümlədən qazi və
müharibə iştirakçıları müayinəyə cəlb edilib. Peşəkar həkim
briqadası tərəfindən 300 nəfərdən çox sakin ümumi cərrah, uşaq
cərrahı, otorinolarinqoloq, terapevt, revmatoloq, endokrinoloq,
kardioloq, nevropatoloq, pediatr, USM, EXO, EKQ, qanın və sidiyin
ümumi analizi, qanda virus hepatitlərin təyini, ambulator qan
təzyiqi monitorizasiyası və şəkərin təyini müayinələrindən
keçirilib.
Qeyd olunan istiqamətlər üzrə sakinlərə ümumilikdə 1317 tibbi
xidmət göstərilib. Müayinələr əsnasında müxtəlif xəstəlikləri
aşkarlanan vətəndaşlara müvafiq müalicə kursları təyin edilib.
Qeyd edək ki, 2021-ci ildən etibarən mütəmadi olaraq keçirilən
səyyar tibbi müayinə aksiyası ucqar kənd sakinlərinin keyfiyyətli
səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, xəstəliklərin
erkən diaqnostikası və profilaktik müayinə mədəniyyətinin təbliği
məqsədi daşıyır. Sözügedən aksiyalar zamanı bugünədək ümumilikdə
2400 nəfərdən çox Daşkəsən sakini ümumilikdə 9363 xidmətdən
yararlanıb.
Xatırladaq ki, “AzerGold” QSC tərəfindən hasilat sahələrinin
yerləşdiyi bölgələrdə həyata keçirilən kiçik, orta və irimiqyaslı
sosial layihələr əsasən ətraf mühitin mühafizəsi, təhsil,
sağlamlıq, məşğulluğun artırılması, kiçik və orta sahibkarlığın
təşviqi, idman növlərinin təbliği, maarifləndirmə və digər mühüm
istiqamətləri əhatə edir.
Şirkətin prioriteti yerli icmaların, xüsusilə də sosial baxımdan
həssas qruplara aid olan ailələrin dayanıqlı rifahının təmin
olunmasına dəstək olmaq, dövlət tərəfindən aparılan uğurlu sosial
siyasətə əlavə töhfələr verməkdir.