Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl bölgələrindən birinə çevrilir – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Otuz illik işğal dövründə tamamilə yerlə-yeksan edilmiş Qarabağ
və Şərqi Zəngəzur son beş ildə yeni inkişaf dövrünü yaşayır. Dövlət
başçısı İlham Əliyev Azərbaycanın hərbi-siyasi qələbəsinin,
Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il
tarixli üçtərəfli Bəyanatın imzalanması ilə bağlı xalqa
müraciətində bu çağırışı etmişdi ki, məcburi köçkünlər yaxşı
bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz
əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları
yenidən quracağıq.

Həmin müraciətdən ötən beş ilə yaxın dövrün reallıqları bu
hədəfin artıq gerçək olduğunu təsdiqləyir. Keçmiş məcburi
köçkünlərin doğma torpaqlarına qayıtması, orada yüksək yaşayış
şəraitinin təmin edilməsi üçün genişmiqyaslı bərpa-quruculuq işləri
həyata keçirilir. Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və
Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, müasir
infrastruktur layihələri icra olunur, yeni yollar salınır, istehsal
müəssisələri yaradılır, soydaşlarımızın məşğulluğunun təmin
edilməsi üçün lazım olan bütün zəruri tədbirlər görülür,
mərhələ-mərhələ bu torpaqlara qayıdış gerçəkləşdirilir. Hazırda
Qarabağ və Şərqi Zəngəzurda buraya köçürülən keçmiş məcburi
köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında
çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti
vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə,
təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində
işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla,
ümumilikdə, 50 mindən çox insan yaşayır. 30 il xalqımız bu günləri
böyük səbirsizliklə gözləyirdi. Ərazi bütövlüyümüzün və
suverenliyimizin tam bərpasından sonra artıq bu reallıqların
şahidiyik. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında
bildirir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki
Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq.
Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və
eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə
bir gözəl şəhər yaradılır ki, hər birimiz, hər bir azərbaycanlı
bununla fəxr edəcək.

Trend
xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar
Rəhimzadə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, hazırda işğaldan azad edilmiş
ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam
etdirilir.

Bütün işləri öz daxili imkanları hesabına həyata keçirən
dövlətimizin əsas hədəfi Böyük Qayıdış Proqramının icrasının
birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünün bu
torpaqlara qayıdışına nail olmaqdır. İşğaldan azad edilmiş
ərazilərdə həyata keçirilən genişmiqyaslı işlər içərisində
infrastruktur layihələri mühüm əhəmiyyət kəsb edir. Çünki
infrastrukturun yüksək səviyyədə yenidən qurulması həm işğaldan
azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə
edilməsində, həm də bu torpaqlara qayıdacaq insanların normal həyat
şəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq. Bu torpaqlarda
üç Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi azad
olunmuş ərazilərin strateji əhəmiyyətinin təsdiqində mühüm rol
oynayır. Bu il azad Qarabağın həyatında mühüm hadisələrdən biri
Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. Bu hava limanları
Qarabağa və Şərqi Zəngəzura gediş-gəlişin asanlaşmasında
əhəmiyyətli rol oynayır. Həmçinin bu torpaqlarımız böyük turizm
potensialına malikdir. Azad edilmiş ərazilərimizin yaxın zamanlarda
böyük investisilyar məkanına çevriləcəyi qaçılmazdır. Hər bir
ərazinin malik olduğu iqtisadi potensialdan səmərəli istifadə etmək
əsas prioritetlər sırasındadır. Dövlət başçısı İlham Əliyevin
Fərmanı ilə tarixi Zəfərimizin reallıqları əsasında iqtisadi
rayonların yeni bölgüsünün həyata keçirilməsi, həmçinin “Azərbaycan
2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in
təsdiqlənməsində də məqsədlərdən biri də məhz budur.

Vüqar Rəhimzadə tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin 20
sentyabr tarixində suverenliyimizin tam bərpası ilə Azərbaycanın
yeni dövrə qədəm qoyduğunu xüsusi vurğulayaraq bildirib ki, son iki
ildə Xankəndinin, Xocalının, Xocavəndin, Ağdərənin dirçəldilməsi
istiqamətində atılan addımların miqyasının genişliyi
soydaşlarımızın bu torpaqlara qayıdışında da özünün aydın ifadəsini
tapır. Bunun üçün dövlət başçısı İlham Əliyevin sentyabrın 14-də
Xocalı, Xocavənd rayonlarına, Xankəndi şəhərinə səfəri çərçivəsində
açılışında və təməlqoyma mərasimində iştirak etdiyi, həmçinin
görülən işlərlə tanış olduğu obyektlərin say tərkibinə diqqət
yetirmək kifayətdir. Belə ki, Prezident İlham Əliyev Xocavənd
rayonunun Hadrut qəsəbəsində oldu, həmçinin qəsəbədə inşa olunmuş
məscidin açılışında iştirak etdi. Qeyd edək ki, bu məscidin
təməlini dövlətimizin başçısı İlham Əliyev 2021-ci ilin oktyabrında
qoyub. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan
dövləti tərəfindən həmin ərazilərimizdə Ermənistan tərəfindən
dağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası,
həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər
görülür. Dövlət başçısı Xocavənd rayonunun Sos kəndində də oldu.
İndiyədək 10 ailə kəndə qayıdıb. Ölkə Prezidenti Xocavənd rayonunun
Qırmızı Bazar qəsəbəsində, Xocalı rayonunun Şuşakənd, Seyidbəyli,
Daşbulaq, Badara kəndlərində oldu, Badara kəndində Badara,
Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdü.
Səfər çərçivəsində dövlətimizin başçısı Xankəndi şəhərində Qarabağ
Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri
fakültəsinin tədris korpusunun açılışında iştirak etdi. Qarabağ
Universitetində Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıq
elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarına
uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətində
atılmış mühüm addımlardandır. Digər tərəfdən, klinikada həyata
keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik
nüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdə
tibb elminin inkişafına öz töhfəsini verəcək. Bütün bunlar, eyni
zamanda, xarici tələbələrin də bu ali təhsil ocağına marağını
artıracaq.

Milli Məclisin deputatı vurğulayıb ki, dövlət başçısı İlham
Əliyevin azad edilmiş ərazilərimizə səfərinin qürurverici
məqamlarından biri də bu ərazilərə qayıdan sakinlərlə görüşü, bu
məkanlardan dünənimizə baxış əsasında bu günümüz və gələcəyimizlə
bağlı çağırışların səsləndirilməsidir. Bu baxımdan Prezident İlham
Əliyevin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı
Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşü də
diqqətdə oldu. “Doğrudan da tarixi günlər yaşayırıq” söyləyən
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bildirdi ki, bu
ərazi iki il bundan əvvəl işğalçılardan azad edildi. Elə bu
günlərdə – sentyabrın 19-20-də şanlı Ordumuz separatçılığa son
qoydu. Onunla da separatçılığın kitabı bağlandı və Azərbaycan tam
suverenliyini bərpa etdi. Böyük Qayıdış Proqramı da uğurla icra
edilir. Biz təqribən iki aydan sonra tarixi Zəfərimizin beşillik
yubileyini qeyd edəcəyik. Son beş ilin tarixi Zəfər tarixidir,
şanlı tariximizdir. Artıq Azərbaycan xalqı bundan sonra sülh içində
yaşayacaq. Dövlətimizin başçısı bu məqamı da qeyd etdi ki, amma
sülh şəraitində yaşamaq üçün əlbəttə ki, güc lazım idi. Uzun illər
çalışırdıq ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Ancaq
Ermənistan tərəfi, onun arxasında duranlar başqa fikirdə idilər.
Yəni, onlar torpağımızı geri qaytarmaq fikrində deyildilər. Onlar
və onların arxasında duranlar, böyük dövlətlərin rəhbərləri onlara
ürək-dirək verərək elə bil ki, bu işğalı daimi etmək istəyirdilər.
Amma bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının
iradəsi, gücü, Vətən torpağına olan bağlılığı, Azərbaycan əsgərinin
şücaəti, qəhrəmanlığı və xalqımızın birliyidir.

Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin
sakinlərlə görüşündə səsləndirdiyi “Bu gün biz bu gözəl Qarabağ
diyarında yığışmışıq. Bunun əsas səbəbi xalqımızın birliyidir və
gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasıdır. Biz bütün
dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq, döyüş
meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik”
çağırışı Azərbaycanın ədalətə və beynəlxaq hüquqa söykənən
siyasətinin uğurlarının təqdimatı oldu. Bu gün Azərbaycanın sülh
gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi
tanınması, nüfuz qazanması, Vaşinqton zəfəri ilə dünyanın
diqqətində olması özündə mühüm məqamları ehtiva edir. Azərbaycan
hər zaman sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı olub.
Hazırda imzalanması qaçılmaz olan sülh müqaviləsinin müəllifi də
Azərbaycandır. Prezident İlham Əliyev bu reallığı da bəyan etdi ki,
son beş ilin tarixi heç bir xarici qüvvənin bizim iradəmizə təsir
edə bilmədiyini göstərdi. Çünki bizim işimiz haqq işidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir