“Azərkosmos” və BƏƏ şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Baş səhifə

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik
(“Azərkosmos”) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “SS Creative
Solutions FZE” şirkəti arasında yeni əməkdaşlıq müqaviləsi
imzalanıb.

Trend “Azərkosmos”a istinadən xəbər verir ki, bu, Niderland Krallığının
Amsterdam şəhərində keçirilən dünyanın ən iri media, peyk və yayım
texnologiyaları sərgi-konfranslarından biri olan “IBC 2025”
çərçivəsində baş tutub.

Müqaviləyə əsasən, Pakistan ərazisində televiziya yayımı
layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində
video yayımı (video distribution) xidmətləri Azərkosmosun peyk
resursları vasitəsilə təmin olunacaq.




Peyk xidmətləri, texnologiya, innovasiya və yayım sahələrini
əhatə edən bu beynəlxalq platformada 170 ölkədən 50 mindən çox
nümayəndə iştirak edib. Azərkosmos da bu nüfuzlu tədbirdə iştirak
edərək öz məhsul və xidmətlərini təqdim edib.

Sərgi iştirakçılarına Azərkosmosun Afrika regionunda 10 illik
fəaliyyəti, eləcə də yüksək sürətli və etibarlı rabitə imkanları
təqdim edən “Azconnexus” məhsulu haqqında ətraflı məlumat
verilib.

Tədbir çərçivəsində Azərkosmos nümayəndələri müxtəlif ölkələrdən
olan sənaye tərəfdaşları ilə bir sıra ikitərəfli biznes görüşləri
və işgüzar müzakirələr keçirib. Bu görüşlər peyk və yayım
texnologiyaları sahəsində əməkdaşlığın daha da genişləndirilməsi
istiqamətində yeni imkanlar yaradıb.