
Bakı. Trend:
Sentyabrın 15-də Azərbaycan Respublikasının Baş naziri Əli
Əsədov Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının
Ümumçin Komitəsi sədrinin müavini Su Hui ilə görüşüb.
Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin birgə
səyləri nəticəsində iki ölkə arasında münasibətlərin dostluq,
qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri üzərində
ardıcıl şəkildə inkişaf etdiyi vurğulanıb.
Cari ilin aprel ayında hərtərəfli strateji tərəfdaşlıq
əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması ilə
Azərbaycan-Çin münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu
bildirilib.
Prezident İlham Əliyevin avqustun sonu – sentyabrın əvvəlində
Çin Xalq Respublikasına baş tutmuş işgüzar səfərinin iki ölkə
arasında münasibətlərin daha da dərinləşdirilməsi və çoxtərəfli
əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd
edilib.
Görüşdə Azərbaycan-Çin münasibətlərinin qarşılıqlı maraq doğuran
müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.