
Bakı. Trend:
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru
professor Ədalət Muradov yeni tədris ilinin başlanması və Bilik
Günü münasibətilə rəsmi sosial hesabında
təbrik paylaşımı edib.
Rektor qeyd edib ki, bu il Azərbaycanın Müzəffər Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Qarabağ
Zəfərinin beşinci ildönümünü qeyd edirik. Eyni zamanda, “UNEC-100
İnkişaf Strategiyası”nın növbəti, sonuncu beşillik mərhələsinə
qədəm qoyuruq:
“Bu yeni tədris ilində əzmlə çalışmağa, yeniliklərə davam
etməyə, daha böyük nailiyyətlər qazanmağa hazırıq. Beş ildən sonra
Qarabağ Zəfərinin 10 illiyini UNEC artıq 100 yaşlı, müasir və daha
güclü universitet kimi qeyd edəcəyinə əminəm,” – deyə rektor
bildirib.
Rektor UNEC-ə qəbul olmuş I kursları da tələbə adını qazanmaları
münasibətilə təbrik edib:
“…Bu gün sizin həyatınızda yeni, fərqli və gözəl bir səhifə
açılır. Siz yalnız universitetə deyil, böyük gələcək və fürsətlər
dünyasına addım atırsınız. UNEC həm də dostluq, liderlik və özünüzü
kəşf etmə yoludur.
Bu yolda bəzən yorğunluq, bəzən çətinliklər, bəzən şübhələr
qarşınıza çıxacaq. Amma çətinliklər sizi qorxutmasın – hər maneə
sizi daha da güclü edəcək. Hər zaman inamla irəliləyin! Biz isə hər
zaman yanınızda olacaq, hər birinizin özünüzlə gətirdiyiniz
arzuların, ümidlərin həyata keçməsi üçün durmadan çalışacağıq!”
Yeni dərs ilinin başlanması münasibətilə professor Ədalət
Muradov müəllimlərə, tələbələrə və həmkarlarına möhkəm cansağlığı,
böyük uğurlar və qələbələr arzulayıb.

