
Bakı. Trend:
İnnovasiya və sürət lideri “Bakcell” 15 sentyabr – Bilik Günü
münasibətilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində (MTK)
“Növbəti nəsil: Süni intellekt və İnnovasiya” adlı tədbir təşkil
edib. Tədbirin əsas məqsədi gənclərin süni intellekt və innovasiya
sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onları gələcəyin
rəqəmsal çağırışlarına hazırlamaq olub.
Görüş çərçivəsində “Bakcell” və MTK-nın rəhbərliyinin iştirakı ilə
panel müzakirəsi keçirilib. Paneldə süni intellektin gündəlik həyat
və iş mühitinə təsirləri, innovasiyaların gələcəyi geniş şəkildə
müzakirə edilib. Tədbir zamanı süni intellekt əsaslı robotun
iştirakı iştirakçılarda böyük maraq yaradıb. “Prompt mühəndisliyi”
mövzusunda keçirilən sessiyada isə iştirakçılar süni intellekt
alətlərinin təqdim etdiyi imkanlarla, həmçinin bu alətlərin ölkədə
və beynəlxalq miqyasda müxtəlif fəaliyyət sahələrinə təsiri ilə
daha yaxından tanış olublar. Gənclər praktiki məşğələlər vasitəsilə
öz ideyalarını vizuallaşdıraraq sessiyanın sonunda real təcrübə
qazanıblar.
“Azərbaycanın rəqəmsal gələcəyi məhz gənclərin bacarığı və onların
yaratdığı innovasiya ekosistemi üzərində qurulacaq. Bu istiqamətdə
təşkil olunan tədbirlər Azərbaycanın gənclərinə biliklərini
zənginləşdirmək, praktiki bacarıqlar qazanmaq və gələcəyin
innovativ liderləri kimi formalaşmaq üçün imkan yaradır”, – deyə
“Bakcell”in baş icraçı direktoru Klaus Müller bildirib.
“Süni intellekt kimi müasir texnoloji platformaların gətirdiyi
çətinliklərin öhdəsindən gəlmək üçün təhsil müəssisələri sabah yox,
bu gün addım atmalıdır”, – deyə MTK-nın baş icraçı direktoru Tural
Abbasov bildirib.
“Bakcell” sürətlə dəyişən dünyada gənclərin innovativ düşüncə
tərzinin formalaşmasını və rəqəmsal bacarıqların inkişafını əsas
prioritetlərindən biri hesab edir. Bu istiqamətdə həyata keçirilən
layihələr ölkədə innovasiya ekosisteminin güclənməsinə və gələcəyin
işçi qüvvəsinin hazırlanmasına töhfə verir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya
şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini
yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin
edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı
innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə
verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL
Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

