Haaqada “Leyli və Məcnun” nümayiş olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi
və Milli Musiqi Günü münasibətilə Niderlandın Haaqa şəhərində
Azərbaycan musiqisinin incisi sayılan “Leyli və Məcnun” operası
nümayiş olunub.

Trend xəbər verir ki, bu barədə Diasporla İş
üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Niderland Odlar Yurdu
Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,
torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin
əziz xatirəsi yad edilib.




Ölkəmizin Niderlanddakı səfiri Məmməd Əhmədzadə çıxış edərək
Azərbaycan müasir peşəkar musiqi sənətinin banisi Üzeyir
Hacıbəylinin milli musiqimizin dünyada tanıdılmasına və
azərbaycançılıq məfkurəsinə verdiyi töhfələrdən danışıb. Bəstəkarın
doğulduğu Şuşada yubiley tədbirlərinin keçirilməsinin tarixi və
mənəvi əhəmiyyət daşıdığını qeyd edib, bunun həm də qayıdışımızın
rəmzi olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin sədri,
musiqiçi Firəngiz Bağırova “Leyli və Məcnun” operasının tarixi
əhəmiyyətindən söz açıb. Bu əsərin yalnız Azərbaycanın deyil, bütün
Şərq dünyasının ilk operası kimi musiqi tarixində silinməz izlər
qoyduğunu deyib.

Tədbirin bədii hissəsində Niderland və Almaniyada yaşayan
azərbaycanlı musiqiçilərin ifasında “Leyli və Məcnun” operasından
təqdim olunan parçalar böyük maraqla qarşılanıb. Leyli obrazını
Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Vüsalə Cabir,
Məcnun obrazını isə sənətçi Nəhmətəğa Əliyev canlandırıblar. Onları
tarda Cavid Səlimov, pianoda isə Səbinə Məmmədova müşayiət
edib.

Gecənin sonunda bu tədbirin ərsəyə gəlməsində əməyi olan
Firəngiz Bağırovaya, ifaçılara və musiqiçilərə xüsusi
təşəkkürnamələr təqdim olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir