
Bakı. Trend:
3–5 noyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin
təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu
keçiriləcək. Tədbir Türkiyə Respublikasının Antalya şəhərində baş
tutacaq.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, Forum çərçivəsində mədəniyyət elçiləri
şəbəkəsinin fəaliyyəti əsasında Azərbaycan mədəniyyətinin
beynəlxalq müstəvidə təbliği, müxtəlif ölkələrdə fəaliyyət göstərən
Azərbaycan Mədəniyyət Mərkəzləri və Azərbaycan Evləri ilə
mədəniyyət xadimlərinin qarşılıqlı əməkdaşlığının inkişaf
etdirilməsi nəzərdə tutulur.
Proqramda panel sessiyaları və müzakirələr, milli mədəni irs
nümunələrindən ibarət sərgi və konsert proqramı təşkil ediləcək.
Forum iştirakçıları, həmçinin, Antalya şəhərində Türkiyə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən 1–9 noyabr tarixlərində keçiriləcək
“Mədəniyyət Yolu” Festivalında iştirak edəcəklər. Azərbaycan
sözügedən festivalda fəxri qonaq statusunda təmsil olunacaq.
Xaricdə yaşayan azərbaycanlı mədəniyyət xadimləri 1 oktyabr
2025-ci il tarixinədək
https://culture.fillout.com/elchiler səhifəsi
üzərindən qeydiyyatdan keçə bilərlər.
Azərbaycan Mədəniyyət Elçiləri Forumunun hər il dünyanın
müxtəlif bölgələrində təşkili planlaşdırılır.