
Bakı. Trend:
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “2025 Formula-1 Azərbaycan
Qran Prisi” ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Trend xəbər
verir ki, müraciətdə bildirilib:
Bakı şəhərində keçiriləcək “2025 Formula-1 Azərbaycan Qran
Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının
alınması məqsədilə sentyabr ayının 19-dan 21-dək Bakı şəhərinə
bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və
rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat
vasitələrindən istifadəyə üstünlük vermələri, paytaxt sakinlərindən
isə yarışın keçirildiyi müddət ərzində fərdi minik
avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin
mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət
etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri
ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur.
Əlavə olaraq bildirək ki, 15-16-17 sentyabr tarixlərində yarış
zolağının aşağıda qeyd edilən giriş-çıxış hissələri səhər saat
07:00-dan 09:00-dək, axşam saat 18:00-dan 20:00-dək nəqliyyatın
hərəkəti üçün dayanma və durma olmadan sərbəst olacaq.
18 sentyabrda isə səhər saat 07:00-dan 09:00-dək, axşam isə saat
20:00-dan 22:00-dək bu yollar açıq olacaq.
Giriş nöqtələri:
– Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi
istiqamətində;
– M.Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və
İstiqlaliyyət küçəsi istiqamətində;
– S.Vurğun küçəsindən Ü.Hacıbəyli küçəsi və Bülbül prospekti
istiqamətində;
– Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti
istiqamətində;
– Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi
istiqamətində.
Çıxış nöqtələri:
– Neftçilər prospektindən Bakı Dəniz Limanı və “Crescent Mall”
istiqamətində;
– İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti
istiqamətində;
– Neftçilər prospektindən Azneft dairəsi və “Dəniz Mall”
istiqamətində.
Qeyd olunan yollar yalnız tranzit koridoru kimi istifadə
ediləcək. Həmçinin fövqəladə hallar istisna olmaqla, tranzit
dəhlizləri açıq olduğu zaman nəqliyyat vasitələrinin parklaması,
sərnişinlərin minməsi və düşməsi qadağandır. Bundan başqa, həmin
yollarda ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın
hərəkəti istisna edilir.