Səhiyyə Nazirliyinin mütəxəssisi uşaqların immunitetini gücləndirən qida qaydalarını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

“Uşaqların gündəlik qidalanmasında səhər yeməyinin önəmi çox
vacibdir. Səhər yeməyində daha çox yumurta, süd məhsullarından
pendir, yağ və s. bu kimi qidalara üstünlük verməli, mütləq şəkildə
mövsümi meyvə, tərəvəzlərdən istifadə edilməlidir”.

Trend xəbər
verir ki, Bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam
radio”nun səhər proqramında pediatr Gülnaz Ağayeva açıqlayıb.

Onun sözlərinə görə, gün ərzində 2-3 meyvə və 4-5 tərəvəzin
qəbulu vacib hesab olunur:

“Eyni zamanda, uşaqların qida menyusunda ətdən, balıqdan,
toyuqdan istifadəsi tövsiyə olunur. Hər birindən həftənin iki
günündə istifadə edə bilərlər və bir qida qəbulunda yaxşı olar ki,
2 fərqli heyvan ətindən istifadə etməsinlər. Belə olan halda həzm
prosesi zəifləyir, qəbul olunan qidalar doğru şəkildə həzm olunmur.
Eyni zamanda, balıq, dəniz məhsulları omeqa 3, yağ turşuları, D
vitamini ilə zəngindir. Bu da uşaqların inkişafında çox böyük rol
oynayır”.




Pediatr qeyd edib ki, gündəlik rasionda mütləq istifadə edilən
rəngli meyvə və tərəvəzlər, zülal baxımından zəngin qidalar, süd və
süd məhsulları immunitetin güclənməsi üçün vacibdir:

“Tam taxıllar (yulaf, qreçka, qarabaşaq, qara çörək) uşağın
enerji balansını saxlayır. Qoz, badam, fındıq, ərik qurusu, kişmiş
kimi quru meyvə və çərəzlər həm enerji verir, həm də dəmir,
maqnezium, sink kimi minerallarla zəngindir. Uşağın gündəlik maye
qəbulu vacibdir, su içməyi vərdiş halına gətirmək lazımdır. Şəkərli
içkilər, qazlı sular, çoxlu şokolad və paketlənmiş fast-food
məhsulları immun sistemini zəiflətdiyi üçün uzaq tutulmalıdır”.

G.Ağayeva bildirib ki, uşaqlara qida mütləq müəyyən rejimlə,
kiçik porsiyalarla və gündə 4-5 dəfə verilməlidir:

“Axşam yeməkləri yüngül, amma vitamin-mineral baxımından
balanslı olmalıdır. Qidalanma ilə yanaşı, normal yuxu rejimi, təmiz
havada gəzmək, fiziki aktivlik də immun sistemini gücləndirən əsas
amillərdəndir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir