Sanitariya-Karantin Mərkəzinin sabiq vəzifəli şəxslərinin məhkəməsi keçirilib

Baş səhifə

Bakı. Trend:

Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin
sabiq baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov
və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevin cinayət işi üzrə
məhkəmə növbəti prosesi keçirilib.

Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
prokuror ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı cinayət işi üzrə təqsirləndirilən Saleh
Novruzinin 10 il, Yadulla Balışovun 10 il 6 ay, Tahir Vəliyevin isə
10 il müddətə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmə 23 sentyabrda müdafiəçilərin çıxışı ilə davam
edəcək.

Qeyd edək ki, ötən ilin may ayında Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik
hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla
Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət
başında yaxalanıblar.




Fakt üzrə Baş İdarədə Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan
əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və
daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və
digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma
müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul
vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən
edilib.

Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər
ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd
və başqa sübutlar aşkar edilərək götürülüb.

İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir
Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin
311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır
nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə)
maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3
şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq
orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə
ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə
qətimkan tədbirləri seçilib.