
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin
təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam
etdirir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti
Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev
küçəsi, ev 2 ünvanında yerləşən “Decapo” əyləncə klubunda keçirilən
yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların
mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına,
ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə
yaratdığı müəyyən edilib.
Belə ki;
- obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya və təxliyə
işıqlandırıcıları ilə tam təmin edilməyib; - elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması
Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın
təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün
kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi
sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, elektrik kabel və
naqillərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti
yoxlanılmayıb; - obyektdə standarta uyğun olmayan elektrik qızdırıcı
cihazlarından istifadə olunur; - odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb;
- tüstü borusu yanğın təhlükəsizliyi tələblərinə uyğun
quraşdırılmayıb; - obyektin zirzəmisi təyinatına uyğun olmayaraq anbar kimi
istifadə edilir və orada yanar materialların saxlanılmasına yol
verilir; - obyektdə yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq yanğın
təhlükəli effekt verən (qığılcım yaradan) pirotexniki vasitələrdən
istifadə olunur; - yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı
tərtib olunmayıb; - əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;
- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə
razılaşdırılmayıb.
Məlumata görə, mövcud vəziyyət onu göstərir ki, obyektin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş
Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 2
ünvanında yerləşən “Decapo” əyləncə klubunun fəaliyyətinin
dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi
obyektin nümayəndəsinə təqdim edilib.

