
Bakı. Trend:
2024-cü ildə Azərbaycanın ixracı 11 faiz azalaraq, 26,3 milyard
dollara enib. Lakin idxal 22 faiz artıb ki, bu da ötən illə
müqayisədə xarici ticarətin müsbət saldosunun azalmasına gətirib
çıxarıb.
Trend bu barədə
audit və digər peşəkar xidmətlərin göstərilməsi üzrə dünyanın
aparıcı şirkətlərdən olan “Deloitte” şirkətinə istinadən xəbər
verir.
Qeyd olunub ki, Azərbaycanın idxal strukturunda əsas
kateqoriyaları maşınlar və elektrik avadanlıqları təşkil edir (
ümumi həcmin 18%-i və ya 3,873 milyard dollar). Nəqliyyat
vasitələri və onların ehtiyat hissələrinə düşən pay 12% (2,594
milyard dollar), həmçinin kimya məhsullarına düşən pay 12% (2,427
milyard dollar) təşkil edib.
Şirkətin hesablamalarına görə, idxalın əhəmiyyətli hissəsini
kənd təsərrüfatı məhsulları -6% (1,178 milyard dollar), metallar –
5% (1,113 milyard dollar) təşkil edib. Qalan mallar isə idxalın
demək olar ki, yarısını – 47% və ya 9,874 milyard dolları təşkil
edərək ümumi idxal həcmini 21,058 milyard dollara çatdırıb.
Məlumata əsasən, Azərbaycanın ixrac strukturunda əsas yeri neft
məhsulları tutur -ümumi həcmin 88,7%-i və ya 23,566 milyard dollar.
Kənd təsərrüfatı məhsullarının payı ixracın 4,1%-ni (1,095 milyard
dollar), kimya məhsulları 1,3%-ni (0,347 milyard dollar), metallar
1,1%-ni (0,289 milyard dollar), digər mallar isə 4,7%-ni və ya
1,257 milyard dolları təşkil edib. Kateqoriyalar üzrə ümumi ixrac
həcmi 26,554 milyard dollar olub.
“2024-cü ildə Azərbaycanın əsas qeyri-enerji ixrac məhsullarının
ümumi dəyəri əvvəlki illə müqayisədə 7,3% azalıb. Bu azalmaya
baxmayaraq, qızıl (+30,1%), pambıq (+44,7%) və pomidor (+8,3%) ən
yüksək mütləq artım göstərən üç ixrac məhsulu olub ki, bu da həm
kənd təsərrüfatı, həm də mədənçilik sektorunda güclü göstəricilərin
olmasını vurğulayır. Ümumi azalma əsasən elektrik enerjisi
ixracının 76,6% kəskin azalması ilə bağlı olub.
Ötən il qeyri-enerji sektorunun ixracında beş əsas idxalçı ölkə
arasında müxtəlif meyllər müşahidə edilib. Rusiya və İsveçrə
mülayim artım göstərdiyi halda, Türkiyə və Gürcüstana ixrac azalıb,
Qazaxıstana göndərişlər isə nəzərəçarpacaq dərəcədə artıb”, – deyə
məlumatda qeyd olunub.