
Bakı. Trend:
7-12 sentyabr 2025-ci il tarixlərində Bolqarıstan
Respublikasının Montana şəhərində Şimali Atlantika Müqaviləsi
Təşkilatının (NATO) Fəlakətlərə Cavabın Əlaqələndirilməsi üzrə
Avro-Atlantika Mərkəzi (EADRCC) və Bolqarıstan Respublikasının
Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə “20-ci NATO
EADRCC Fövqəladə Halların İdarə edilməsi – BULGARIA 2025” təlimi
keçirilib.
Trend FHN-ə istinadla xəbər verir ki, təlimə Fövqəladə Hallar
Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi və Tibbi Ərazi
Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tibb qrupu da qatılıb.
Təlimin rəsmi açılış mərasimində çıxış edən Bolqarıstan
Respublikasının daxili işlər naziri Daniel Mitov təlimə cəlb olunan
iştirakçıları salamlayaraq, təşkil olunan genişmiqyaslı sahə
təliminin baş verə biləcək irihəcmli fövqəladə hallara çevik
reaksiya imkanlarının artırılması baxımından əhəmiyyətindən
danışıb.
Daha sonra NATO-nun Baş katibinin müavini Radmila Shekerinska
növbəti “BULGARIA 2025” təliminin məqsəd və vəzifələrindən bəhs
edərək iştirakçılara uğurlar arzulayıb.
Sahə təliminin təşkilində əsas məqsəd mümkün təbii fəlakət və
qəzalar nəticəsində ətraf ərazilərə və kritik infrastruktura dəyə
biləcək zərərlərin əlaqəli şəkildə aradan qaldırılması olub.
Təlim planına uyğun olaraq, “Yerli Fövqəladə Halların İdarə
olunması” (LEMA), “Sahə Koordinasiya Mərkəzi” (OSOCC), “Şəhər
Əməliyyatlarının Koordinasiya Mərkəzi” (UCC), “Fövqəladə Tibb
Qruplarının Koordinasiya Mərkəzi” (EMTCC) və “Birgə Hava/Dron
Əməliyyatlarının Koordinasiya Mərkəzi”nin (Joint Air/Drone
Operations Coordination Centre) imkanlarından istifadə etməklə
təlimdə iştirak edən xilasetmə qruplarının əməliyyatları
koordinasiya olunub.
Təlim müddətində FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin
şəxsi heyəti axtarış-xilasetmə işlərinə fəal cəlb olunaraq, şərti
nəqliyyat qəzaları və zəlzələ hadisələri zamanı dağıntılar altında
qalan zərərçəkmişlərin xilas edilməsi, həmçinin “Şəhər Koordinasiya
Mərkəzi”nin (UCC) fəaliyyətinin təşkilinə dəstək əməliyyatını
uğurla icra edib. Bundan başqa, təlimə cəlb olunan FHN-in digər
əməkdaşları “Qiymətləndirici” və “Müşahidəçi” qismində iştirak
edərək təlimin gedişatına öz töhfələrini veriblər.
Təlimdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)
tibb qrupu tərəfindən “Fövqəladə Tibb Qruplarının Koordinasiya
Mərkəzi” (EMTCC) tərəfindən əldə olunan şərti məlumatlar əsasında
dağıntı zonalarına cəlb olunaraq, zərərçəkmişlərə tibbi müdaxilə
edərək onların təcili tibbi yardım avtomobili ilə müvafiq tibb
mərkəzlərinə çatdırılması təmin olunub.
Təlim uğurla başa çatıb və sonda iştirakçılara sertifikatlar
təqdim edilib.