Poçt rabitəsi operatorları və “Temu” nümayəndələri ilə müzakirələr aparılıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın telekommunikasiya və poçt rabitəsi sahələrində
tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları
Agentliyində (İKTA) poçt rabitəsi xidmətlərinin göstərilməsi
sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə poçt
rabitəsi operatorları ilə müzakirələr aparılıb.

Trend xəbər verir ki, bu barədə İnformasiya
Kommunikasiya Texnologiyaları Agentliyi məlumat yayıb.

Bildirilib ki, müzakirə zamanı vətəndaşlardan daxil olan
şikayətlər əsasında bəzi poçt rabitəsi operatorlarının
qanunvericiliyin tələblərinə uyğun olmayan obyektlərdə bağlamaları
təhvil verməsi ilə bağlı narazılıq hallarının artması və bu sahədə
mövcud çətinliklər müzakirə olunub. Sözügedən problemlərin aradan
qaldırılması istiqamətində görüləcək tədbirlər barədə fikir
mübadiləsi aparılıb, həmçinin operatorlar qarşılaşdıqları
çətinliklər haqqında məlumat veriblər. Poçt rabitəsi
operatorlarının nəzərinə çatdırılıb ki, qanunvericiliyin
tələblərinə uyğun olmayan obyektlərdə poçt göndərişlərinin təhvil
verilməsi yolverilməzdir və analoji hallar təkrarlanarsa,
lisenziyaların dayandırılması və ya ləğvi haqda məsələ
qaldırılacaq.




Məsələ ilə bağlı “Temu” elektron ticarət platformasının məsul
nümayəndələri ilə də müzakirələr aparılıb. Danışıqlar zamanı poçt
rabitəsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin
tələbləri “Temu” təmsilçilərinin diqqətinə çatdırılıb. Qarşı tərəf
də öz növbəsində müştəri məmnuniyyətinə xüsusi önəm verdiyini və
problemlər yaranan zaman onların qısa müddətdə aradan qaldırılması
üçün İKTA ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Əlavə olaraq
qeyd olunub ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
tərəfindən təqdim olunmuş məlumat əsasında sürətli poçt xidməti
fəaliyyət növü üzrə verilmiş lisenziyaların siyahısı Agentliyin
veb-saytında dərc olunur və “Temu” əməkdaşlıq etdiyi poçt rabitəsi
operatorlarının lisenziya məlumatlarını bu siyahı ilə dəqiqləşdirə
bilər.

Aparılan müzakirələrin nəticəsi olaraq 217 obyekt haqqında
məlumat “Temu” elektron ticarət platformasından yığışdırılıb.
Həmçinin gələcəkdə analoji problemlərin qarşısının vaxtında
alınması və vətəndaş müraciətlərinin effektiv cavablandırılması
məqsədilə İKTA və “Temu” arasında qarşılıqlı işbirliyinə dair
razılıq əldə edilib.

Qeyd edək ki, bu yanaşma həm sahənin sağlam inkişafına, həm də
vətəndaşların daha etibarlı və keyfiyyətli poçt rabitəsi xidmətləri
ilə təmin olunmasına xidmət edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir