
Bakı. Trend:
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin təşkilatçılığı, Xankəndi şəhərində, Ağdərə və Xocalı
rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin dəstəyi ilə Xocalı şəhərinə növbəti infotur təşkil
olunub.
Trend xəbər verir ki, infoturda Böyük Qayıdışa dair I Dövlət
Proqramının Tədbirlər Planının icrası çərçivəsində gəlirgətirən
fəaliyyətlərə cəlb olunmuş bir qrup keçmiş məcburi köçkün iştirak
edib. Onlar şəhərlə tanış olub, burada aparılan bərpa-quruculuq
işləri, yaradılan məşğulluq imkanları barədə məlumatlandırılıblar.
Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və Dövlət
Proqramına əsasən, şəhərdə genişmiqyaslı yenidənqurma tədbirləri
həyata keçirilir, infrastruktur bərpa olunur, burda işləyən və
yaşayan insanlar üçün zəruri şərait yaradılır. İnfotur
iştirakçıları Xocalı şəhərində və Ballıca kəndində olublar. Onlar
Xocalı şəhərində və kənddə Böyük Qayıdış prosesi çərçivəsində doğma
yurda qayıdan məcburi köçkün ailələri üçün yaradılan şəraitlə
yaxından tanış olublar. Keçmiş məcburi köçkünlər infoturun çox
faydalı və maarifləndirici olduğunu qeyd ediblər. Bildirilib ki,
belə infoturlar Böyük Qayıdışın gedişi, bölgədə daimi məskunlaşma
və iqtisadi fəaliyyətə inteqrasiya prosesi ilə yaxından tanış
olmaq, gələcək üçün planlar qurmaq baxımından böyük əhəmiyyət kəsb
edir. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı
çərçivəsində işğaldan azad edilmiş digər ərazilərə də infoturların
keçirilməsi davam etdiriləcək.

