
Bakı. Trend:
2024-cü ilin sonuna olan vəziyyətə görə Azərbaycanın kredit
portfeli bütün əsas seqmentlər üzrə artıb, biznes kreditlərinin
həcmi isə 2023-cü illə müqayisədə 2,2 milyard manat artaraq 14,8
milyard manata çatıb.
Bu barədə Trend
dünyanın aparıcı audit və peşəkar xidmətlər təchizatçısı olan
“Deloitte” şirkətinə istinadən xəbər verir.
Qeyd olunur ki, ipoteka portfeli (yaşayış daşınmaz əmlakı üzrə)
0,6 milyard manat artaraq 4,25 milyard manata yüksəlib. İstehlak
kreditləri də əhəmiyyətli dərəcədə artaraq 1,51 milyard manatlıq
artımla 8,44 milyard manata çatıb.
Məlumata görə, bu tendensiyalar kreditləşmədə davamlı fəallığı
və həm korporativ, həm də məişət sektorunda artan tələbi əks
etdirir. Eyni zamanda bank sektoru aktivlərin keyfiyyətini
yaxşılaşdırmağa nail olub ki, bu da problemli kreditlərin payının
2022-ci ildəki 3,80 faizdən 2024-cü ildə 2,38 faizə enməsi ilə
təsdiqlənir.
“2022-2024-cü illər ərzində Azərbaycan bank sektoru cüzi
dalğalanmalarla stabil gəlirlilik nümayiş etdirib. 2024-cü ildə
xalis mənfəət 2023-cü ildəki 1,1 milyon manata nisbətən bir qədər
azalaraq 1 milyon manata düşüb.
Aktivlərin rentabelliyi (ROA) 2,4 faizdən 2,1 faizə, kapitalın
rentabelliyi (ROE) isə 20,0 faizdən 17,9 faizə enib. Cüzi azalmaya
baxmayaraq, mənfəətlilik göstəriciləri 2022-ci il səviyyəsindən
xeyli yüksək olaraq qalıb”,- məlumatda qeyd olunur.