
Daşkənd. Trend:
Azərbaycanın “ADY Express” şirkəti və Özbəkistanın “Alliance
Multimodal” şirkəti Özbəkistan ilə Azərbaycan arasında
yükdaşımaların həcminin artırılması, CASCA+ nəqliyyat dəhlizinə
yeni özəl operatorların cəlb olunması, həmçinin Çin–Avropa
istiqaməti üzrə əməkdaşlığın genişləndirilməsi məsələlərini
müzakirə ediblər.
Trend bu barədə
“Uztemiryulkonteyner”ə istinadən xəbər verir.
Görüş Bakıda – Azərbaycanın paytaxtında keçirilən “Qara dəniz –
Xəzər dənizi: marşrutlar, yüklər, infrastruktur” adlı beynəlxalq
forum çərçivəsində baş tutub.
Forumda Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TITR)
genişləndirilməsi perspektivləri, Azərbaycanın regional tranzit
qovşağı kimi potensialı, həmçinin Orta Dəhlizin strateji əhəmiyyəti
müzakirə olunub.
Xüsusi diqqət Türkiyədə logistika infrastrukturunun inkişafına,
konteynerləşmə proseslərinin sürətləndirilməsinə, eləcə də artan
yük axınlarına uyğunlaşmaq üçün dəniz limanlarının və terminalların
müasirləşdirilməsinə yönəldilib.
Son səkkiz ildə Azərbaycan ilə Özbəkistan arasında ticarət
dövriyyəsi səkkiz dəfə, birgə istehsalatların həcmi isə beş dəfə
artıb.