
Bakı. Trend:
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan aparıcı ticarət
tərəfdaşları ilə fəal əməkdaşlığı davam etdirib, beş ölkədən idxal
həcmini artırıb, bu sırada lider mövqedə Çindir – səkkiz ay ərzində
bu ölkədən təxminən 2,88 milyard dollar dəyərində mal idxal
olunub.
Trend-in Dövlət
Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, idxal həcminə
görə ikinci yerdə 2,53 milyard dollar göstərici ilə Rusiya
qərarlaşıb.
Türkiyə 1,55 milyard dollar dəyərində mal ixrac etməklə üçüncü
yerdədir. Dördüncü yeri ABŞ tutur – 754 milyon dollar həcmində mal
idxal olunub . Beşinci pillədə isə Azərbaycana 688 milyon dollar
dəyərində mal ixrac etmiş Böyük Britaniya qərarlaşıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ölkələrin hamısından
idxal artıb. Belə ki, Çindən idxal 603,4 milyon dollar artaraq
26,5% yüksəlib. Rusiya ixracı 347,1 milyon dollar (15,9%), Türkiyə
isə 46,8 milyon dollar (3%) artırıb. ABŞ və Böyük Britaniya da
əhəmiyyətli artım nümayiş etdiriblər – müvafiq olaraq 101 milyon və
510,2 milyon dollar. Xüsusilə Böyük Britaniyadan idxal
nəzərəçarpacaq dərəcədə artaraq ötən illə müqayisədə təxminən dörd
dəfə yüksəlib.
Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin
hesablamalarına əsasən, cari ilin yanvar-avqust aylarında
Azərbaycan 173 ölkə ilə 32,118 milyard ABŞ dolları məbləğində
ticarət əməliyyatları həyata keçirib.
Ticarət dövriyyəsi ixrac üzrə 15,2 milyard ABŞ dolları, idxal
üzrə isə 13,6 milyard ABŞ dolları təşkil edib. Beləliklə, illik
ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.
Nəticədə xarici ticarət üzrə 1,6 milyard dollar həcmində müsbət
saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 3,3 dəfə azdır.