Ruben Vardanyan “Ermənistanın Baş naziri Nikol Paşinyanın, ATƏT-in Minsk qrupunun üzvlərinin və BQXK nümayəndələrinin dindirilməsini” məhkəmədən xahiş edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq
əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır
cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben
Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın
16-da davam etdirilib.

Trend xəbər verir
ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə,
Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq
məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən
şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi
üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş
şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə
heyətini, dövlət ittihamını müdafiə edən prokurorları,
tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə
nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət
edərək bir neçə vəsatətinin olduğunu bildirib.

Əvvəlcə təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək “ittiham
edildiyi cinayət işi üzrə bəzi şəxslərin – Ermənistan
Respublikasının Baş naziri Nikol Paşinyanın, ATƏT-in Minsk qrupunun
üzvlərinin, BQXK-nın Azərbaycandakı nümayəndələrinin
dindirilməsini” xahiş edib.

Müdafiəçi Avraam Berman vəsatəti müdafiə etdiyini bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev və Baş Prokurorluğun
Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir
Bayramov vəsatətlərə münasibət bildirərək qeyd ediblər ki,
təqsirləndirilən şəxs tərəfindən dindirilməsi təklif olunan
şəxslərin məhkəmədə baxılan ittihama aidiyyəti yoxdur. Bundan
başqa, müdafiə tərəfinin iştirakı ilə məhkəmə baxışında tədqiq
edilməli olan sübutların siyahısı, eləcə də sübutların tədqiq
olunma ardıcıllığı artıq müəyyən edilib. Qəbul edilmiş qərara
əsasən prosesin hazırkı mərhələsində ittiham tərəfinin təqdim
etdiyi sübutlar tədqiq olunur. O səbəbdən dövlət ittihamını müdafiə
edən prokurorlar vəsatətin baxılmamış saxlanmasını xahiş
ediblər.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər vəsatətin rədd
olunmasını məhkəmədən xahiş ediblər.

İşə baxan hakimlər kollegiyası yerində müşavirə edərək məhkəmə
baxışında sübutların tədqiq olunma ardıcıllığı ilə bağlı qərarın
qəbul olunduğunu, həmin qərar qəbul olunmazdan əvvəl müdafiə
tərəfinin də mövqeyinin nəzərə alındığını vurğulayaraq, vəsatətin
baxılmamış saxlandığını qeyd edib və bu vəsatətin gələcəkdə yenidən
verilməsinin mümkün olduğunu təqsirləndirilən şəxsə və onun
müdafiəçisinə bildirib.

Daha sonra Ruben Vardanyan digər vəsatətini məhkəməyə təqdim
edərək hərbi qulluqçu olmadığını, buna görə də təqsirləndirildiyi
cinayət işinə hərbi məhkəmədə baxılmasından narazı olduğunu
deyib.

Təqsirləndirilən şəxsin vəkili vəsatəti müdafiə etdiyini
bildirib.

Vəsatətə münasibət bildirən Baş prokurorun xüsusi tapşırıqlar
üzrə köməkçisi Tuqay Rəhimli bildirib ki, təqsirləndirilən şəxsin
ittiham edildiyi cinayətlərin bəziləri hərbi cinayətlər olduğu üçün
onun işinə hərbi məhkəmədə baxılır. Odur ki, dövlət ittihamını
müdafiə edən prokuror vəsatətin rədd edilməsini məhkəmədən xahiş
edib.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər vəsatətin rədd
olunmasını məhkəmədən xahiş ediblər.

Sədrlik edən Zeynal Ağayev bildirib ki, məhkəmənin hazırlıq
iclasında bu məsələyə artıq baxılıb və həmin zaman məhkəmə
aidiyyəti barədə proses tərəflərinə, o cümlədən təqsirləndirilən
şəxsə və onun müdafiəçisinə ətraflı məlumat verilib. Bundan başqa,
təqsirləndirilən şəxsin ittiham olunduğu bəzi cinayət əməlləri
hərbi cinayət hesab edildiyi üçün Azərbaycan Respublikasının
Cinayət Prosessual Məcəlləsinə əsasən işə hərbi məhkəmədə baxılır.
Qeyd olunanlara əsasən vəsatət rədd edilib.

Növbəti vəsatətində təqsirləndirilən Ruben Vardanyan cinayət işi
üzrə özü və müdafiəçisi tərəfindən əvvəlki məhkəmə proseslərində
verilmiş vəsatətlərə dair qərarlarla tanış olmaq istədiklərini və
həmin qərarlardan çıxarışların onlara təqdim olunmasını xahiş
edib.

Müdafiəçi vəsatətin təmin olunmasını məhkəmədən xahiş edib.

Məhkəmə iclasına sədrlik edən əvvəllər təqsirləndirilən şəxsin
məhkəmə iclas protokolları, həmçinin vəsatətlərinə dair qəbul
edilmiş qərarlarla tanış olması üçün şərait yaradıldığını, bundan
sonra da eyni qaydada tanış olması üçün şərait yaradılacağını
bildirib.

Digər vəsatətində təqsirləndirilən şəxs Azərbaycan
Respublikasının dövlət sərhədini qanunsuz keçməklə bağlı ona qarşı
irəli sürülmüş ittihamla razı olmadığını bildirib. Habelə, “vaxtilə
Qarabağda olmuş Rusiyanın sülhməramlı kontingentinin komandanı
olmuş şəxslərin məhkəmədə dindirilməsini” xahiş edib.

Vəkil Avraam Berman təqsirləndirilən R.Vardanyanın vəsatətini
müdafiə etdiyini bildirib.

Sədrlik edən Zeynal Ağayev hazırda məhkəmə baxışının davam
etdiyini, təqsirləndirilən şəxsə elan olunmuş ittihamlara məhkəmə
baxışının sonunda hüquqi qiymət veriləcəyini söyləyib. Bundan
başqa, vaxtilə Qarabağda olmuş Rusiyanın sülhməramlı kontingentinin
komandanlarının təqsirləndirilən şəxsin ittiham edildiyi cinayət
işinə aidiyyətinin olmadığını bildirib. Odur ki, vəsatət baxılmamış
saxlanılıb və təqsirləndirilən şəxsə, onun müdafiəçisinə bu
vəsatətin gələcəkdə yenidən verilməsinin mümkünlüyü izah
olunub.

Sonra Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti
nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərər çəkənlər,
habelə zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər.

Zərərçəkmiş Azad Kərimovun hüquqi varisi – atası Zakir Kərimov
ifadəsində bildirib ki, övladı Kəlbəcərdə Ermənistan silahlı
qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribat zamanı həlak
olub.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran
zərərçəkmiş Akşin Nəsibovun hüquqi varisi Vasif Nəsibov övladının
Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz
erməni silahlı dəstələrinin təxribatı nəticəsində həlak olduğunu
deyib.

Zərərçəkmiş Yunis Kazımovun hüquqi varisi Qasım Kazımov
ifadəsində bildirib ki, övladı Kəlbəcər istiqamətində düşmənin
snayper atəşi nəticəsində həlak olub.

Zərərçəkmiş Kamran Hüseynovun hüquqi varisi – atası Namiz
Hüseynov ifadəsində oğlunun Xankəndi-Şuşa yolunda düşmənin
basdırdığı minanın partlaması nəticəsində həlak olduğunu deyib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin
şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş
Elşən Xankişiyevin hüquqi varisi Aidə Xankişiyeva övladının Xocalı
istiqamətində düşmənin təxribatı zamanı həlak olduğunu
söyləyib.

Zərərçəkmiş Cəmil Qurbanzadənin hüquqi varisi – atası Anar
Qurbanov ifadəsində qeyd edib ki, övladı Laçın istiqamətində
Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı
dəstələrinin təxribatı zamanı həlak olub.

Zərərçəkmiş Əli Babazadənin hüquqi varisi – Rüstəm Babayev
övladının Xankəndi istiqamətində düşmənin təxribatı nəticəsində
həlak olduğunu bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını
cavablandıran zərərçəkmiş şəxs Toğrul Əliyevin hüquqi varisi
Qızılgül Əliyeva ifadəsində övladının düşmənin törətdiyi təxribat
nəticəsində Xocavənd rayonunda həlak olduğunu söyləyib.

Zərərçəkmiş şəxs İslam Dünyamalıyevin hüquqi varisi Gülşən
Dünyamalıyeva ifadəsində bildirib ki, oğlu Ağdərə rayonunun
Sırxavənd kəndində Ermənistan ordusunun qalıqları və qanunsuz
erməni silahlı dəstələrinin təxribatı nəticəsində həlak olub.

Zərərçəkmiş şəxs Nəzər Əzizovun hüquqi varisi – anası Cəmafət
Əzizova oğlunun Kəlbəcərdə qarşı tərəfdən açılan snayper atəşi
nəticəsində həlak olduğunu deyib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay
Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Zöhrab Kərimovun
hüquqi varisi – atası Azad Kərimov bildirib ki, övladı Laçında
düşmən təxribatı nəticəsində həlak olub.

Zərərçəkmiş Məhəmməd Məmmədovun hüquqi varisi – atası Bilal
Məmmədov övladının Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin
təxribatı zamanı həlak olduğunu söyləyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran
zərərçəkmiş Əbdülmətin İsmayılov deyib ki, Laçın rayonunda qarşı
tərəfdən atılmış artilleriya mərmilərinin partlaması nəticəsində
kəllə-beyin travması alıb və diz nahiyəsindən yaralanıb. Həmin vaxt
Məhəmməd Hüseynov və Eltac Əhədov həlak olub, onun özündən başqa
Kamal Bəhrəmov, Cavid Qurbanov, Əhəd Əsədullayev, Dilqəm Həsənov,
Nicat Şükürov xəsarətlər alıblar.

Zərərçəkən Rəşad Ağayev ifadəsində bildirib ki, Ağdərə rayonunun
Sırxavənd kəndi ərazisində düşmən tərəfindən atılan idarəolunan
raket mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət
alıb. Həmin vaxt Vüsal Rüstəmov, Elvin Əliyev, Nihad Quluzadə,
Əlibəy Əlibəyov, Ağami Əlişanov, Altun Əliyev həlak olub.

Paşa Abayev ifadəsində bildirib ki, Ağdam rayonunun Əliağalı
kəndi ərazisində düşmən tərəfindən atılmış minaatan mərmisinin
yaxınlığına düşüb partlaması nəticəsində xəsarət alıb.

Zərərçəkən Nəriman Kərimov ifadəsində bildirib ki, Xocavənd
rayonu ərazisində düşmən tərəfindən atılan mərminin partlaması
nəticəsində yaralanıb.

Elşən Zeynalov Ağdam rayonu ərazisində yerləşən düşmən
tərəfindən atılmış artilleriya mərmisinin partlaması nəticəsində
başının arxa nahiyəsindən qəlpə xəsarəti aldığını deyib.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran
zərərçəkən Fərid Həsənov düşmənin təxribatı nəticəsində Ağdərə
istiqamətində yaralandığını söyləyib.

Mirzəli Mirzəyev düşmənin açdığı atəş nəticəsində Xankəndi
istiqamətində ayağından yaralandığını deyib.

Zərərçəkən Şəhriyar Zamanov ifadəsində düşmənin açdığı atəş
nəticəsində Ağdərədə kəllə-beyin travması və qəlpə yarası aldığını
söyləyib.

Anar Abasov ifadəsində qeyd edib ki, Ağdam rayonunun
Abdal-Gülablı kəndindəki dağlıq-meşəlik ərazidə Ermənistan
ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən
atılan minaatan mərmisinin partlaması nəticəsində xəsarət alıb.

Zərərçəkən Şirxan Hacıməmmədov ifadəsində bildirib ki, Laçın
rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin təxribatı
nəticəsində yaralanıb.

Bu zaman məhkəmədə təqsirləndirilən şəxs R.Vardanyan ifadə verən
zərərçəkmişlərə sual ünvanlamağa başlayıb (xatırladaq ki,
təqsirləndirilən şəxs əvvəlki məhkəmə prosesləri zamanı zərərçəkmiş
şəxslərə sual vermirdi).

Təqsirləndirilən şəxs R.Vardanyanın sualına cavabında
Ş.Hacıməmmədov qeyd edib ki, təxribat törədən Ermənistan silahlı
qüvvələrinin hərbçiləri arasında Azərbaycanın vaxtilə işğal altında
olmuş ərazilərində yaşamış və hərbi xidmət keçmiş şəxslər də
olub.

Elvar Nəhmətzadə ifadəsində Ağdam rayonunun Abdal-Gülablı
kəndindəki dağlıq-meşəlik ərazidə düşmənin atdığı minaatan
mərmisinin partlaması nəticəsində xəsarət aldığını deyib.

Zərərçəkən Taleh Qurbanov ifadəsində qeyd edib ki, Xocalı
rayonunun Xanabad kəndi ərazisində düşmən tərəfindən atılmış
minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində Davud
Qiyaslı və Ramin Məmmədov həlak olub, o, Mirəli Ağalarov və Pünhan
Kazımov müxtəlif növ bədən xəsarətləri alıblar.

Zərərçəkən Amid Piriyev bildirib ki, Ağdam rayonu istiqamətində
düşmənin atdığı artilleriya mərmisinin yaxınlığında partlaması
nəticəsində yaralanıb.

Nəciməddin Ələsgərov qeyd edib ki, Ağdərə rayonunun Canyataq
kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni
silahlı dəstələri tərəfindən atılan raket mərmisinin yaxınlığında
partlaması nəticəsində kəllə-beyin travması alıb.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşları
ilə Ağdam rayonunun azad edilmiş Sarıcalı kəndində mina
təmizlənməsi işlərinə cəlb olunduğunu deyən zərərçəkən Şöhrət
Aslanov bildirib ki, idarə etdiyi nəqliyyat vasitəsi düşmənin
basdırdığı minaya düşüb və nəticədə yaralanıb.

Zərərçəkən Nurlan Abışov ifadəsində bildirib ki, Ağdərə
rayonunun Canyataq kəndi ərazisində düşmən tərəfindən atılan “F1”
əl qumbarasının partlaması nəticəsində özü, Cavanşir Xəlilov və
Pərviz Şirinov xəsarət alıblar.

Hüseyn Müseyibov Ağdərə rayonunda dağlıq-meşəlik ərazidə
düşmənin atdığı minaatan mərmisinin yaxınlığında partlaması
nəticəsində xəsarət aldığını söyləyib.

Zərərçəkən Bəxtiyar İsmayılov ifadəsində qeyd edib ki, Ağdərə
rayonunda dağlıq-meşəlik ərazidə düşmən tərəfindən atılmış minaatan
mərmisinin partlaması nəticəsində sol baldır nahiyəsindən xəsarət
alıb.

Cəfər İsmayılov Xocalı rayonunun Xanabad kəndi ərazisində düşmən
tərəfindən atılmış əl qumbarasının yaxınlığına düşüb partlaması
nəticəsində yaralandığını deyib.

Telman Əhmədov ifadəsində bildirib ki, Xocalı rayonunun Xanabad
kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqları və
qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış minaatan
mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində xəsarət
alıb.

Digər zərərçəkənlər – Babək Əhmədli, Ömər Nəsirov, Nurlan
İbrahimov, Cavid Süleymanov, Elvin Hüseynov, Əkbər Səfərov, Ramil
Məmmədov, Rəşad Süleymanov, Namiq Əlizadə, Raqif Mirzəyev, Vüsal
Əhmədov, Afər Hüseynov, Bayram Hüseynov Sərxan Mahmudov, Niyaz
Niyazəliyev, Yasin Cəbrayılov, Ruslan Nurəliyev müxtəlif ərazilərdə
Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı
dəstələrinin təxribatları nəticəsində yaralandıqlarını
bildiriblər.

Zərərçəkmiş Əkbər Səfərov təqsirləndirilən Ruben Vardanyanın
sualına cavabında deyib ki, həmin vaxt təxribatı törədən Ermənistan
ordusu olub.

Bundan başqa, məhkəmə prosesinin gedişində Ruben Vardanyanın
vəkili təqsirləndirilən şəxslə konfidensial görüş üçün imkan
yaradılmasını xahiş edib. Məhkəmə vəsatəti təmin edib.

Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in
100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi
köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),
112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113
(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və
adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,
116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq
normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,
120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,
29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),
192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4
(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2
(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,
onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid
yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu
zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),
279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan
Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri
ilə ittiham olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir