
Bakı. Trend:
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda
Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə məğlub edən “Qarabağ”
komandası Vətənə qayıdıb.
Trend xəbər
verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ağdam
təmsilçisinin nümayəndələri, azarkeşlər və media mənsubları
qarşılayıblar.
Qeyd edək ki, son ölkə çempionu ilk sınağına Portuqaliyada
çıxıb. İkinci dəfə turnirin əsas mərhələsinə vəsiqə qazanan Ağdam
təmsilçisi Lissabonda “Benfika”nın qonağı olub. “Da Luş” stadionda
keçirilən görüş komandamızın əzmkar qələbəsi ilə başa çatıb.
Oyuna inamsız başlayan “Qarabağ” 6 və 16-cı dəqiqələrdə
buraxılan qollarla hesabda 2 top fərqi ilə geri düşüb. Buna
baxmayaraq, ruhdan düşməyən Azərbaycan çempionu 30-cu dəqiqədə
Leandro Andradenin qolu ilə hesab arasındakı fərqi azaldıb. İlk
hissə rəqibin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci yarıya
əla start verən ağdamlılar yeni transferi Kamilo Duranın dəqiq
zərbəsi ilə tarazlığı bərpa edib. Matçda son nöqtəni isə 86-cı
dəqiqədə Aleksey Kaşuk qoyub. Bununla da “Qarabağ” Çempionlar
Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb.