
Bakı. Trend:
2025-2026-cı tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı
çərçivəsində 10 nəfər azərbaycanlı Qazaxıstanda təhsil almaq hüququ
qazanıb.
Trend xəbər
verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat
yayıb.
Bildirilib ki, proqram 3 aprel 2017-ci il tarixli “Azərbaycan
Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan
Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil
sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi
haqqında Protokol”a uyğun olaraq həyata keçirilir.
“Protokola əsasən, tələbələrimiz bakalavriat, magistratura və
doktorantura səviyyələri üzrə Qazaxıstanda təhsil alacaqlar.
Qazaxıstan tərəfinin yekun qərarına əsasən, seçilən tələbələr bu
ölkənin nüfuzlu ali təhsil müəssisələrində yerləşdiriliblər. Belə
ki, onların 6 nəfəri “QS 2026 Dünya Universitetlərinin Reytinq”
cədvəlində 166-cı yerdə qərarlaşan Al-Farabi Kazakh National
University-də, 2 nəfəri 377-ci yerdə olan L.N. Gumilyov Eurasian
National University-də, 1 nəfəri Astana International
University-də, 1 nəfəri isə Academy of Physical Education and Mass
Sports ali təhsil müəssisəsində təhsil alacaq.
Tələbələrdən 2 nəfəri bakalavriat, 7 nəfəri magistratura, 1
nəfəri isə doktorantura səviyyəsi üzrə qəbul olunub. Onlar
iqtisadiyyat və idarəetmə, humanitar və sosial, texniki və
texnoloji ixtisas istiqamətləri üzrə təhsil alacaqlar.
Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan cari ilin 18
mart tarixində ictimaiyyətə təqdim olunmuşdur”,- deyə məlumatda
qeyd edilib.