
Bakı. Trend:
2026-cı il yanvarın 1-də fiziki şəxslərin gəlir vergisi üçün
güzəştin müddəti başa çatır. Bu, xüsusilə özəl sektorun inkişafı və
o cümlədən məşğulluğun leqallaşdırılmasına şərait yaratdı.
Trend xəbər
verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü
iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, bu məsələ özünü əmək müqavilələrinin
sayında göstərib:
“Təklif edərdim ki, növbəti dövrdə fiziki şəxslərin gəlir
vergisi ilə bağlı elə mexanizmlər nəzərə alınsın ki, bu yenidən
kölgə iqtisadiyyatına qayıdışı stimullaşdırmasın. Güzəşt müddəti
başa çatırsa, yeni vergi dərəcələri müəyyənləşdirilirsə, o zaman
daha aşağı vergi dərəcələrinin tətbiq edilməsi və mərhələli şəkildə
vergi dərəcələrinin artırılması həyata keçirilsin. Aşağı vergi
dərəcəsinin müəyyənləşdirilməsi özəl sektor üçün əlavə yük
yaratmaya bilər. Yaxşı olardı ki, güzəşt müddətinin uzadılmasına
baxılsın. Güzəştləri saxlamaq mümkün olmadığı halda, daha aşağı
vergi dərəcələrinin tətbiqi məqsədəuyğun olardı”.