
Bakı. Trend:
Qazaxıstan Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 17 sentyabr
tarixində Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayında
iştirak edib.
QMİ-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nüfuzlu
beynəlxalq dinlərarası dialoq platforması olan Dünya və ənənəvi
Dinlərin VIII Qurultayının mövzusu “Dinlərin dialoqu – gələcək
naminə sinerji”dir.
23 illik tarixə malik Astana Qurultaylarının daimi iştirakçısı
və Qurultay Katibliyinin daimi üzvü olan Şeyxülislam A.Paşazadə ali
tədbirdə çıxış edib:
“Mötəbər toplantımızın iştirakçılarını səmimi salamlayır,
Azərbaycan xalqının və Prezident İlham Əliyev cənablarının salam və
xeyir-dualarını Qurultay iştirakçılarına və qardaş qazax xalqına
yetirməkdən şərəf duyur, Ulu Rəbbimizdən bəşər ailəsi naminə bütün
səy və fəaliyyətlərimizə rəvac verməsini diləyirəm”.
Şeyxülislam bildirib ki, dünyanın nüfuzlu dini liderlərinin
ənənəvi zirvə görüşü olan Qazaxıstan Qurultayları beynəlxalq aləmdə
öz önəmini iki onillikdən artıq müddət ərzində təsdiq edib:
“Astana qurultaylarının müstəsna əhəmiyyəti dini liderlərlə
siyasi, ictimai xadimlərin daimi fəaliyyətdə olan platforması
olmasındadır. Belə bir bəşəri əhəmiyyətli ideyanın ərsəyə gəlməsi
və davamlı mövcudluğunu təmin edən Qazaxıstan dövlətinə, onun
müdrik siyasi rəhbərliyinə dərin minnətdarlığımı bildirmək
istərdim. Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev cənablarının
rəhbərliyi ilə Qazaxıstan tərəqqi və mənəvi inkişaf yollarında
inamla irəliləyir. Əminik ki, Qazaxıstan dövləti dinlər və
sivilizasiyalararası dialoqun inkişafı prosesində fəal rolunu
bundan sonra da davam etdirəcək.
A.Paşazadə vurğulayıb ki, VIII Astana Qurultayının “Dinlərin
dialoqu – gələcək naminə sinerji” mövzusunu gündəmə gətirməsi mühüm
addımdır:
“Müharibələrin səngimədiyi dövrdə bizim hər birimizin,
cəmiyyətin bütün zümrə və təbəqə nümayəndələrinin məsuliyyət payı
var və biz bunu dərindən dərk edərək nifrət çağırışlarının
qarşısının alınması, insan qardaşlığı mühitinin inkişafı yönündə
fəallığımızı artırmalıyıq. Dünyanın müxtəlif nöqtələrində günahsız
insanların qətl və faciələrinə son qoyulması üçün mənəvi
məsuliyyətimizdən çıxış etməli, beynəlxalq hüququn qüvvə və
imkanlarından istifadə etməliyik. Daha bir narahatedici məqam süni
intellektin həyatımıza nüfuz etməsi ilə bağlıdır. Rəqəmsal
texnologiyaların hədsiz inkişafı dövründə bu yeniliklərin
həyatımızın bütün sahələrinə sərhədsiz sirayət etməsi yeni
imkanlarla yanaşı yeni təhdidlər gətirir. Bu məsələdə ən mühüm olan
mənəvi-etik hədlərin gözlənilməsi, yaranma ehtimalı yüksək olan
fəsadların önlənməsi məqamıdır.
QMİ sədri əlavə edib ki, insan həyatının qorunması naminə
dinlərin dialoq və əməkdaşlığı zəruridir. Bu əməkdaşlıq 2019-cu
ildə Abu-Dabidə imzalanmış İnsan qardaşlığına dair sənədin ruhunda
davam və inkişaf etməlidir.
“Dini lider olaraq bütün siyasət xadimlərinə müraciət edərək
silahların susdurulmasına, barış mühitinin bərqararı naminə
diplomatik səyləri dəstəkləməyə çağırıram. Şükürlər olsun, ərazi
bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti azad etdiyimiz
ərazilərimizdə ekosid və mədəni-mənəvi irsimizə qarşı vandalizmin
ağır nəticələrini aradan qaldıraraq genişmiqyaslı quruculuq işləri
həyata keçirir. Bu əsnada, qardaş Qazaxıstan dövlətinə Füzuli
şəhərində hədiyyə olaraq inşa etdirdikləri Kurmanqazı adına Uşaq
Yaradıcılığının İnkişafı Mərkəzinə görə dərin təşəkkürlərimizi
ifadə edirik.
Astana Qurultayının hər zamankı kimi yüksək səviyyədə təşkil
olunmasına və qonaqpərvərliyə görə Qazaxıstan dövlətinə, onun
rəhbərliyinə, məsul şəxslərə bir daha dərin minnətdarlığımı və ən
xoş arzularımı yetirirəm. Uca Yaradan ölkələrimizdə daima sülh və
əmin-amanlığı qərar versin, dünyanı hifz etsin”, – deyə o fikrini
yekunlaşdırıb.