Antiterror tədbirləri Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi kimi həkk olunub – Deputat

Baş səhifə

Bakı. Trend:

Antiterror tədbirləri Azərbaycan tarixində yeni bir qəhrəmanlıq
səhifəsi kimi həkk olundu. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni
separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Ermənistan
silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan
mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri
və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi
ilə sıradan çıxarılırdı.

Bunu Trend
açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova bildirib.

Deputat bildirib ki, Qarabağda həyata keçirilən lokal xarakterli
əməliyyatlar nəticəsində Azərbaycan öz suveren ərazilərində tam
nəzarəti bərpa edərək, separatçılığa birdəfəlik son qoydu,
Ermənistanın və onun havadarlarının illərlə qurduğu xəyalları
darmadağın etdi:

“Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük
mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində,
düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə
baxmayaraq, hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərərək qısa
müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi
uğurlar əldə etdilər”.

A.Həsənova qeyd edib ki, bu əməliyyatların zəruriliyi birbaşa
Ermənistanın məsuliyyətsiz davranışları və üzərinə götürdüyü
öhdəliklərə əməl etməməsi ilə bağlı idi:

“Ermənistan hər zaman olduğu kimi öz destruktiv siyasətini davam
etdirərək 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatda
üzərinə düşən vəzifələri icra etmədi. Bu isə Azərbaycanı lokal
antiterror tədbirləri görməyə məcbur etdi. Azərbaycan 44 günlük
Vətən müharibəsində tarixi Qələbə qazanaraq Ermənistan ordusunu
darmadağın etsə də, qalib ölkə olaraq humanist mövqe nümayiş
etdirdi və qarşı tərəfə öz öhdəliklərini yerinə yetirmək üçün
kifayət qədər vaxt və imkan verdi.

Lakin Ermənistan bir daha beynəlxalq hüquqa hörmətsizlik
göstərərək qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən
çıxarmadı, əksinə, separatçılıq meyillərini dəstəkləməyə davam
etdi. Müxtəlif təxribatlar törədildi, yeni təhlükələr yaradıldı.
Ermənistan arxalandığı havadarların köməyinə ümid edərək
status-kvonu qorumağa çalışırdı.

19–20 sentyabr tarixlərində həyata keçirilən qətiyyətli
antiterror tədbirləri ilə Azərbaycan həm öz ərazi bütövlüyünü tam
təmin etdi, həm də bölgədə separatçılığa birdəfəlik son qoydu. 24
saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı
nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan
ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda
qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas
rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam
təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə,
Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi
bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. Bu gün ölkəmizin hər bir
guşəsində üçrəngli bayrağımız qürurla dalğalanır, xalqımızın
birliyi və gücü bütün dünyaya nümayiş olunur”.