
Bakı. Trend:
Payız aylarında havanın soyuması, günəş şüalarının azalması və
orqanizmin dəyişən iqlimə uyğunlaşması vitamin və mineral balansına
xüsusi təsir edir.
Trend
xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “İnstagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, bu dövrdə ən çox ehtiyac duyulan
vitaminlərdən biri də C vitaminidir:
“O, immunitet sistemini gücləndirir, soyuqdəymə və qripdən
qoruyur. Onu nar, portağal, naringi, kivi, çiyələk, qırmızı bibər
və kələmdən almaq mümkündür. Payızda günəş işığı azaldığı üçün D
vitamini çatışmazlığı daha çox görülür. Bu vitamin sümük və əzələ
sağlamlığı üçün vacibdir və əsasən yumurta sarısı, balıq növləri və
süd məhsullarında olur. A vitamini dəri və selikli qişaların
möhkəmlənməsində, gözlərin sağlam qalmasında əhəmiyyətli rola
malikdir və balqabaq, kök, ispanaq, brokoli kimi tərəvəzlərdə,
həmçinin qaraciyərdə mövcuddur. E vitamini isə güclü antioksidant
kimi orqanizmi sərbəst radikallardan qoruyur və badam, fındıq,
günəbaxan tumu və zeytun yağında çoxdur. B qrupu vitaminləri,
xüsusilə B6 və B12, sinir sistemi və enerji mübadiləsi üçün
vacibdir və onları tam taxıllar, paxlalılar, yumurta, süd
məhsulları, balıq və toyuq ətindən almaq olar”.
Mütəxəssis-ekspert bildirib ki, payızda həmçinin sink, dəmir və
maqnezium kimi minerallara xüsusi ehtiyac duyulur ki, bunlar da
immuniteti gücləndirir.