Payızda yorğunluq və soyuqdəymələrin səbəbi düzgün qidalanmamaqdır – SN

Baş səhifə

Bakı. Trend:

Vitamin çatışmazlığı (avitaminoz) payızda özünü tez-tez
göstərir. İnsanlar davamlı yorğunluq, yuxululuq, dərinin quruması
və dodaqların çatlaması kimi problemlərlə üzləşə bilər. Həmçinin,
immunitet zəifləyir, soyuqdəymə halları artır.

Trend
xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, saçların tökülməsi, dırnaqların
kövrəkləşməsi, əhval dəyişiklikləri, depressiya meylləri də payızda
vitamin çatışmazlığının digər əlamətlərindəndir:




“Bəzən sümük və əzələlərdə zəiflik hissi də yaranır ki, bu da
xüsusilə D vitamini və maqnezium çatışmazlığını göstərə bilər.
Düzgün və balanslı qidalanma mövsümi xəstəliklərin qarşısının
alınmasında mühüm rol oynayır. Orqanizm üçün lazımlı vitaminlər,
minerallar, zülallar və faydalı yağlar düzgün qəbul edilərsə,
immunitet sistemi daha güclü olur və viruslara qarşı müqavimət
artır. Rəngli tərəvəz və meyvələrin bol qəbulu orqanizmi
antioksidantlarla təmin edir. Paxlalılar və tam taxıllar enerji
balansını qoruyur və bağırsaq mikroflorasını yaxşılaşdırır. Süd
məhsulları probiyotik təsiri ilə bağırsaq immunitetini
möhkəmləndirir. Balıq və dəniz məhsulları omeqa-3 yağ turşuları ilə
orqanizmi iltihab proseslərindən qoruyur. Bal, zəncəfil və sarımsaq
isə təbii antibiotik kimi xəstəliklərin qarşısında mühüm rol
oynayır. Məsələn, səhər yeməyində yulaf sıyığına qoz-fındıq və alma
əlavə etmək, günorta yeməyində tərəvəz şorbası ilə balıq, axşam isə
yaşıl salat və paxlalılar qəbul etmək payız mövsümü üçün ideal
menyu sayıla bilər”.

E.Məmmədov qeyd edib ki, payızda düzgün qidalanma və
vitaminlərlə zəngin təbii məhsulların istifadəsi yalnız immuniteti
gücləndirmir, həm də mövsümi yorğunluğun, soyuqdəymələrin və
vitamin çatışmazlığının qarşısını alır:

“Təbii meyvə-tərəvəzlərin bol olduğu bu fəsildə süni vitamin
komplekslərinə deyil, əsasən təbii qidalara üstünlük vermək daha
faydalıdır. Mövsümdə yetişən meyvə və tərəvəzləri bol istifadəsi
çox vacibdir. Yadda saxlayın ki, balanslı qidalanma və aktiv həyat
tərzi sağlam payızın əsas açarıdır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir