Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ödəniş bazarında
fəaliyyət göstərən “Modenis” (“E-manat”) və “Mobile Payment
Solutions” (“Portmanat”) MMC-lərə icrası məcburi göstərişlər
verilib.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Belə ki, “Modenis” MMC-də cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə, nağd pulla işin təşkili, informasiya təhlükəsizliyi,
daxili nəzarət və risklərin idarə edilməsi sahələrində nöqsanlar
aşkar olunub. Bank şirkətə bu çatışmazlıqların aradan qaldırılması
üçün məcburi göstərişlər verib.




Bundan başqa, “Mobile Payment Solutions” MMC-nin ödəniş
xidmətlərini reyestrə daxil edilmədən ödəniş agentləri vasitəsilə
həyata keçirdiyi müəyyən olunub. Bu səbəbdən Mərkəzi Bank həmin
şirkətə agentlər vasitəsilə ödəniş xidmətlərinin dərhal
dayandırılması barədə göstəriş verib.

Nəticədə, hər iki şirkətə maliyyə əməliyyatlarının şəffaf və
qanunvericiliyə uyğun aparılması istiqamətində ciddi tələblər
qoyulub.