
Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən 2025-ci ilin yanvar-avqust ayları ərzində 34 hərrac
keçirilib.
Trend dövlət
xidmətinə istinadən xəbər verir ki, hərraclarda 5 səhmdar
cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 690 nəqliyyat
vasitəsi özəlləşdirilib.
Məlumata əsasən, cari ilin yanvar-avqust ayları ərzində
özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 96,6 milyon manat
təşkil edib.
Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu
ilin yanvar-avqust ayları ərzində 426-sı qeyri-yaşayış, 2.728-i
torpaq sahələri üzrə olmaqla 3.154 yeni icarə müqaviləsi
bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının
(qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə
30,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
“Beləliklə, 2025-ci ilin yanvar-avqust ayları ərzində dövlət
əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə
126,9 milyon manat vəsait daxil olub”, – məlumatda qeyd edilib.

