
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Malayziyaya işgüzar səfəri
çərçivəsində sentyabrın 17-də Kamboca Milli Assambleyasının sədri
Xuon Sudari ilə görüşüb.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Cənub-Şərqi Asiya Dövlətləri
Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA)
beynəlxalq parlament platforması kimi fəliyyəti, bu təşkilat
çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı Azərbaycan və Kambocanın dost ölkələr olduğu qeyd
edilib.
Milli Məclisin sədri Sahibə Qafarova parlament diplomatiyasının,
bu çərçivədə parlamentlərimiz arasında münasibətlərin daha da
dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib. O, özünün Kambocaya
rəsmi səfərini və burada keçirdiyi görüşlərini xatırladaraq, Milli
Məclislə Kamboca Nümayəndələr Palatası arasında imzalanmış Anlaşma
Memorandumunun önəmini qeyd edib.
Görüşdə deputatların qarşılıqlı səfərlərindən, hər iki tərəfdən
nümayəndələrin Azərbaycan və Kambocada təşkil olunan tədbirlərdə
iştirakından məmnunluq ifadə edilib.
Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ölkəsinin
Azərbaycanla siyasi, iqtisadi, ticari, investisiya və digər
sahələrdə əlaqələri daha da inkişaf etdirməkdə maraqlı olduğunu
bildirib.
O, Milli Məclis sədrinin AİPA-da iştirakından və onunla
Assambleya çərçivəsində görüşməkdən məmnun olduğunu bildirib.
Söhbət zamanı, həmçinin beynəlxalq parlament təşkilatları
çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Spiker Sahibə
Qafarova Kamboca parlamentinin Azərbaycan Prezidentinin təşəbbüsü
ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal
iştirakından məmnunluğunu ifadə edib.
Milli Assambleyanın sədri Xuon Sudari isə Azərbaycanın Qoşulmama
Hərəkatına sədrliyi dövründə görülmüş işləri, həmçinin Parlament
Şəbəkəsinin fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da
fikir mübadiləsi aparılıb.