
Bakı. Trend:
Sentyabrın 24-də Şamaxıdakı Nəsimi Bağları Kompleksində
İmadəddin Nəsimi yaradıcılığına həsr olunan bədii proqramın
təqdimatı və “Nəsimi dastanı” baletinin yeni quruluşda premyerası
olacaq.
Trend xəbər
verir ki, Nəsimi festivalıının ikinci günü keçiriləcək tədbirdə
Qədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə Xalq artisti Alim
Qasımov, Əməkdar artist Fərqanə Qasımovanın, həmçinin İlkin
Dövlətov, Hüseyn Məlikovun ifaları səslənəcək, qiraətçilər – xalq
artistləri Rasim Balayev, Mehriban Zəki, Xalidə Quliyeva, Əməkdar
artist Qasım Nağı, eləcə də Əliağa Tapdıqov, Firuzə İsmayıl, Lalə
Süleymanlının təqdimatında şeirlər dinləniləcək.
Həmin gün Şamaxıda növbəti təqdimat – açıq səma altında
“Multidissplinar İncəsənət Festivalı” olacaq. Müxtəlif ustad
dərsləri keçiriləcək, qəzəlxan Arif Buzovnalı və gənc şairlərin
çıxışları, həmçinin poeziya fləşmobu, eyni zamanda türkiyəli yazar
və musiqiçi Hakan Mengüçün sufizm fəlsəfəsi haqqında çıxışı,
Türkiyənin “Tarz-ı Vefa Kervanı” qrupunun təqdimatları olacaq.
Axşam isə Nəsimi Bağlarında izləyicilər fərqli konsert
proqramını seyr edəcəklər. Səhnədə F.Əmirov adına Azərbaycan Dövlət
Mahnı və Rəqs Ansamblı “Sufi” rəqsini təqdim edəcək, xalq
artistləri Alim Qasımov, Natiq Şirinov və “Natiq” ritm qrupu,
əməkdar artistlər Sevda Ələkbərzadə, Elnur Mikayılov (kamança),
həmçinin Çingiz Mustafayev, AİSEL, Azərbaycan Dövlət Akademik Opera
və Balet Teatrının Simfonik Orkestri, Azərbaycan Dövlət Xor
Kapellasının çıxışları olacaq.
Festivalda səbirsizliklə gözlənilən təqdimatlardan biri də
“Nəsini dastanı” baletinin yeni quruluşda nümayişidir. Dahi
bəstəkar Fikrət Əmirovun ölməz əsərinin yeni quruluşu tanınmış
rejissor və prodüser Andris Liepanın rejissorluğu ilə
səhnələşdirilib. Balet Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının Simfonik Orkestrinin müşayiəti ilə balet truppasının
ifasında nümayiş olunacaq. Əsərin xoreoqrafı isə müxtəlif ölkələrdə
fərqli truppalarla işləmiş Patrick De Banadır. “Nəsimi dastanı”
baleti Şamaxıdakı Nəsimi Bağlarında açıq səma altında, Nəsimi
abidəsinin önündə nümayiş olunacaq.
Ümumiyyətlə, 23-25 sentyabr tarixlərində Heydər Əliyev Fondu və
Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə
keçiriləcək Nəsimi festivalı maraqlı təqdimatlar, premyeralarla
yadda qalacaq.
Üç gün ərzində Bakı və Şamaxıda baş tutacaq festival Azərbaycan
incəsənətinin təbliği baxımından mühüm beynəlxalq hadisə kimi
dəyərləndirilir və orta əsr Şərqinin ən böyük şairlərindən biri
olan İmadəddin Nəsiminin zəngin fəlsəfi və ədəbi irsini təbliğ
edir.