
Bakı. Trend:
Azərbaycan və Yaponiya aqrar sahədə əməkdaşlığın və
hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə
birgə işçi qrupun yaradılması imkanlarını müzakirə ediblər.
Bu barədə Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər
verir.
Belə ki, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Yaponiyanın
ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə
görüşüb.
Qonağı salamlayan nazir Məcnun Məmmədov Azərbaycanda aqrar
sektora dövlət dəstəyi barədə ətraflı məlumat verib. O bildirib ki,
Azərbaycanla Yaponiya arasında bütün sahələrdə əməkdaşlıq dinamik
inkişaf edir. Azərbaycan Yaponiya ilə iqtisadi və ticarət
əlaqələrinin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tam
dəstəkləyir.
Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının
gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupun
yaradılması, mütərəqqi texnologiyalar sahəsində təcrübə mübadiləsi
məqsədilə Yaponiyanın müvafiq universitetləri ilə əlaqələrin
qurulması, Yaponiya Beynəlxalq Əməkdaşlıq Sistemi tərəfindən təşkil
edilən təlimlərdə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin
mütəmadi iştirakının təmin olunması, biofermaların yaradılması və
hidroponik üsulla becərmə sahəsində Yaponiya təcrübəsinin
öyrənilməsi, aqrar tədqiqat və innovasiya sahəsində əməkdaşlıq
məsələləri müzakirə olunub.
Yaponiyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Katsuya
Vatanabe ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün
sahələrdə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O,
kənd təsərrüfatı, innovasiya və texnologiyalar sahəsində
əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu
qeyd edib.
Tərəflər müzakirə olunan istiqamətlər üzrə qarşılıqlı maraqlı
olduqlarını ifadə ediblər. Görüş zamanı qarşılıqlı maraq doğuran
məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

