
Bakı. Trend:
Rəqəmsal dövrün tələbləri təhsilin bütün sahələrinə öz
təsirini göstərməkdədir. Bu təsirin ən önəmli istiqamətlərindən
biri də məktəblərin internetlə təminatıdır. İnternet məktəblərdə
tədris prosesinin rəqəmsallaşması, müəllim və şagirdlərin
resurslara çıxışı, eləcə də idarəetmə işlərinin effektiv şəkildə
aparılması baxımından həyati əhəmiyyət daşıyır. Buna görə də
ölkəmizdə məktəblərin internet təminatı məsələsi təhsilin
keyfiyyətinə birbaşa təsir edən əsas faktorlardan
biridir.
Hazırda ölkə üzrə təhsil müəssisələrinin internet təminatı
necədir?
Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil
Nazirliyindən bildirilib ki, ölkə üzrə ümumilikdə 4190 təhsil
müəssisəsi ATŞ (Azərbaycan Təhsil Şəbəkəsi)-a qoşulub.
Məlumatda qeyd edilib ki, onlardan 2427-si Fiber Optik, 265-i
ADSL, 1498-i isə simsiz bağlantı ilə qoşulub.
Təhsil müəssisələrinin yüksək keyfiyyətli internetlə
təmin edilməsi təhsilə nə qazandırır?
Mövzu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri
Kamran Əsədov Trend-ə bildirib ki, təhlil göstərir ki, təhsil
müəssisələrinin yüksək keyfiyyətli internetlə təmin edilməsi artıq
sadəcə texniki məsələ deyil, müasir təhsilin keyfiyyət
göstəricilərindən biridir.
Onun sözlərinə görə, XXI əsrin təhsil modeli biliklərin yalnız
dərs kitabı və müəllim vasitəsilə ötürülməsinə əsaslanmır; rəqəmsal
resurslar, onlayn platformalar, distant dərslər, süni intellekt
əsaslı tədris vasitələri və beynəlxalq təhsil resurslarına çıxış
imkanları prosesin ayrılmaz hissəsidir:
“Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 11-ci
maddəsində göstərilir ki, təhsilalanların informasiya resurslarına
sərbəst çıxışı təmin olunmalıdır. Bu müddəa bir daha göstərir ki,
internet artıq təhsil hüququnun tərkib hissəsi hesab olunur.
Statistikaya baxsaq, Elm və Təhsil Nazirliyinin son
açıqlamalarına görə, 2024-cü ildə Azərbaycanın ümumtəhsil
məktəblərinin 70 faizindən çoxu genişzolaqlı internetə qoşulub.
Amma hələ də kənd yerlərində məktəblərin bir qismi yalnız məhdud
sürətli internetlə işləyir. Bu isə tədris prosesində bərabərsizlik
yaradır. Şagirdlərdən bəziləri rəqəmsal resurslara, elektron
jurnallara, virtual laboratoriyalara qoşula bilmir. Bu fərq
gələcəkdə bilik bərabərsizliyinə səbəb olur”.
Kamran Əsədov qeyd edib ki, müsbət tərəfi ondan ibarətdir ki,
yüksək sürətli internet dərs prosesində rəqəmsal platformaların
istifadəsini genişləndirir.
“Məsələn, elektron təhsil sistemləri, “Virtual Məktəb”
platforması, beynəlxalq onlayn olimpiadalar və test bankları
şagirdlərə daha geniş təcrübə qazandırır. Müəllimlər interaktiv
dərs resurslarından, simulyasiya və animasiyalardan istifadə
etməklə şagirdlərin marağını artırır. Həmçinin distant təhsil
imkanları yaranır ki, bu da xəstəlik, məcburi köç, hətta pandemiya
şəraitində belə tədrisin davamlılığını təmin edir.
Mənfi tərəfi isə ondan ibarətdir ki, internet bərabərsizlikləri
təhsil bərabərsizliyinə gətirir. Əgər şəhər məktəbində şagird “Khan
Academy” və ya “Coursera” kimi resurslardan istifadə edirsə, kənd
məktəbindəki şagird yalnız çap dərsliyilə kifayətlənirsə, nəticədə
təhsil imkanları arasında uçurum yaranır. Ona görə də dövlət
siyasətində təkcə internetin olması yox, onun sürəti, dayanıqlığı
və əlçatanlığı əsas prioritet olmalıdır.
Dünya təcrübəsi göstərir ki, Finlandiya, Estoniya və Sinqapur
kimi ölkələrdə məktəblərin hər bir sinfi yüksək sürətli internetlə
təchiz olunub. Estoniya hökuməti hətta 2001-ci ildən “Tiger Leap”
proqramı çərçivəsində bütün məktəblərə internet gətirərək ölkəni
rəqəmsal təhsil mərkəzinə çevirib. ABŞ-da “E-Rate” proqramı
vasitəsilə məktəblərin internet xərclərinin 90 faizi dövlət
tərəfindən qarşılanır. Bu yanaşmalar göstərir ki, internet təhsil
üçün sadəcə infrastruktur deyil, sosial ədalətin təmin olunması
vasitəsidir”,- deyə o vurğulayıb.
Həmçinin əlavə edib ki, gələcəkdə Azərbaycanda da yüksək sürətli
internetin bütün məktəblərdə tətbiqi təhsilin keyfiyyətinə birbaşa
təsir göstərəcək.
“Şagirdlər beynəlxalq rəqabət mühitinə daha yaxşı hazırlaşacaq,
müəllimlər yeni pedaqoji metodlardan geniş istifadə edə biləcək,
distant və hibrid təhsil formaları inkişaf edəcək. Bu, həm də
ölkənin PISA kimi beynəlxalq qiymətləndirmələrdə nəticələrini
yaxşılaşdıracaq. Ona görə də Elm və Təhsil Nazirliyinin bu
istiqamətdə atdığı addımlar – rəqəmsal məktəb layihəsi, elektron
jurnal sistemi, təhsil platformalarının istifadəsi –
təqdirəlayiqdir və daha sürətlə genişləndirilməlidir.
Hesab edirəm ki, yüksək keyfiyyətli internet təhsilə bərabərlik,
keyfiyyət və rəqabətlilik qazandırır. Bu, təkcə informasiya
texnologiyası məsələsi deyil, ölkənin gələcəyinə qoyulan ən
strateji sərmayələrdən biridir”,- o fikirlərini tamamlayıb.

