
Bakı. Trend:
Sentyabrın 19–21-də keçiriləcək Formula 1 Qatar Airways
Azərbaycan Qran Prisi 2025-in işıqlandırılmasında bu il 300-ə yaxın
yerli və xarici media nümayəndəsi iştirak edir.
Trend xəbər verir
ki, bu barədə “Baku City Circuit” məlumat yayıb.
Onların sırasında Netflix, Reuters, Agence France-Presse, Sky
Sports, Motorsport.com, Associated Press, CANAL+, ESPN Disney Latin
kimi nüfuzlu media qurumları da var. Bu, Bakıda keçirilən möhtəşəm
yarışın səs-küyünü və həyəcanını üç gün ərzində bütün dünyaya
çatdıracaq.
Yarışın promoteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti
tərəfindən yaradılmış Media Mərkəzi artıq jurnalistlərin
ixtiyarındadır. 450 nəfərlik tutuma malik olan bu mərkəz müasir
texniki avadanlıqlarla təchiz olunaraq jurnalistlər üçün rahat və
funksional iş mühiti yaradır. Burada akkreditasiya xidməti ilə
yanaşı, xüsusi iş masaları, canlı yayımlar üçün nəzərdə tutulmuş
texniki dəstək, eləcə də mətbuat konfranslarının keçirilməsi üçün
tam təchizatlı zal mövcuddur. Mərkəz çərşənbə günündən etibarən
fəaliyyət göstərərək həm yerli, həm də xarici media
nümayəndələrinin operativ şəkildə məlumat əldə etməsini, reportaj
hazırlamasını və dünyanın dörd bir yanına çatdırmasını təmin edir.
Media Mərkəzi yüksək beynəlxalq standartlara – Beynəlxalq Avtomobil
Federasiyasının (FIA) tələblərinə tam uyğun şəkildə təşkil olunub
və qlobal miqyasda aparıcı idman tədbirlərinin media
infrastrukturuna layiqli nümunə kimi qiymətləndirilir.
İldən ilə Azərbaycan Qran Prisi qlobal səviyyədə çox maraqla
izlənilir. Təkcə 2024-cü ildə 86 milyon tamaşaçı canlı yayım
vasitəsilə yarışı izləyib, ümumilikdə isə 3,9 milyarddan çox insan
müxtəlif platformalarda Bakı Qran Prisinə maraq göstərib.
Bakı trekinin həyəcanlı ab-havası, gərgin idman mübarizəsi və
beynəlxalq medianın geniş iştirakı ilə 2025-ci ilin Azərbaycan Qran
Prisinin də dünya səviyyəsində böyük rezonans doğuracağı
gözlənilir.

