Trampdan Kral III Çarlza simvolik qılınc hədiyyəsi

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp dövlət səfəri çərçivəsində Böyük
Britaniya Kralı III Çarlza general Duayt Eyzenhauerin qılıncının
nüsxəsini təqdim edib.

Trend xəbər verir
ki, Bukingem sarayının məlumatına görə, bu hədiyyə “İkinci dünya
müharibəsində qələbə üçün həyati əhəmiyyət kəsb edən tarixi
tərəfdaşlığın” simvolu kimi təqdim olunub. Saray bəyan edib ki,
qılınc ABŞ və Böyük Britaniya arasında davamlı dəyərləri və
əməkdaşlıq ruhunu təcəssüm etdirir.

Kraliça Kamillaya isə 18 karatlıq qızıldan hazırlanmış, brilyant
və yaqutlarla bəzədilmiş “Tiffany & Co.” vintaj çiçək broşu hədiyyə
olunub.




Trampa öz növbəsində Vindzor qəsrindəki Kral cildləmə
atelyesində hazırlanmış, 1776-cı il Müstəqillik Bəyannaməsinin
250-ci ildönümünə həsr olunmuş əl işi kitab, eləcə də Trampın
andiçmə günü – yanvarın 20-də Bukingem sarayında dalğalanan bayraq
hədiyyə edilib.

Birinci xanım Melaniya Tramp isə Kraliçanın monoqramı olan gümüş
minalanmış qab və dizayner Anya Hindmarçdan fərdi çanta alıb.

Kral ailəsi həmçinin ABŞ prezidentinə və xanımına baş hərfləri
həkk olunmuş gümüş foto çərçivə təqdim edib.