Pekində 12-ci Syanşan Forumu işə başlayıb

Baş səhifə

Bakı. Trend:

Çinin paytaxtı Pekində “Beynəlxalq düzənin qorunması və dinc
inkişafın təşviqi” şüarı ilə 12-ci Syanşan Forumu keçirilir.

Trend xəbər verir
ki, Çinin Milli Müdafiə Nazirliyinin və Hərbi Elmlər
Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yüksəksəviyyəli
təhlükəsizlik forumunda 100-dən çox ölkənin müdafiə qurumunun
rəhbər şəxsləri, beynəlxalq təşkilatların, analitik mərkəzlərin
nümayəndələri, yüksəkrütbəli hərbçilər, hərbi və təhlükəsizlik
məsələləri üzrə nüfuzlu ekspertlər iştirak edirlər. Azərbaycanı
nüfuzlu tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun
rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Forum çərçivəsində 4 plenar iclas, 8 paralel sessiya,
yüksəksəviyyəli dialoqlar, gənc zabitlər, alimlər üçün seminar və
brifinqlər keçiriləcək.

2006-cı ildən keçirilən ənənəvi Syanşan Forumu yüksəkrütbəli
hərbçilərin, dövlət rəsmilərinin, tədqiqatçıların, ekspertlərin
iştirakı ilə dünyada, xüsusən də Asiya-Sakit okean regionunda
təhlükəsizlik məsələlərinin müzakirəsi üçün platforma rolunu
oynayır.