
Bakı. Trend:
Bakıda keçiriləcək “Formula 1 Azərbaycan Qran Prisi 2025” ilə
əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat
hərəkətinə artıq məhdudiyyətlər tətbiq olunub.
Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat
verilib.
Bildirilib ki, bununla yanaşı, ölkəmizə gələn beynəlxalq
qonaqların sayının əhəmiyyətli dərəcədə artacağı
proqnozlaşdırılır.
Bu səbəbdən, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə
müraciət edərək səyahətlərini öncədən planlaşdırmağı və hava
limanına vaxtında, rahat şəkildə çatmaq üçün əlavə zaman ayırmağı
tövsiyə edir.
Sərnişinlərin rahat və maneəsiz səfəri üçün aşağıdakı
tövsiyələrə əməl etmələri məsləhət görülür:
- Hava limanına erkən gəlmək: Təhlükəsizlik və
qeydiyyat prosedurlarını vaxtında tamamlamaq üçün uçuşdan ən azı 2
saat əvvəl aeroportda olun. - Onlayn qeydiyyatdan keçmək: Gözləmə müddətini
minimuma endirmək üçün uçuşdan əvvəl onlayn qeydiyyatdan keçin.
Bəzi aviaşirkətlər uçuşdan 48 saat əvvəl qeydiyyat imkanı təqdim
edir. - Özünü qeydiyyat və baqaj təhvili köşkləri (self check
in; baggage drop off) xidmətindən istifadə etmək: Bu
xidmətlərdən yararlanmaqla siz qeydiyyat masalarında yaranan uzun
növbələrdən yayınaraq prosesi daha sürətli başa vura
bilərsiniz. - Uçuş terminalı məlumatını öncədən yoxlamaq:
Uçuşunuzun hansı terminaldan həyata keçiriləcəyini elektron bilet
və ya aviaşirkətin rəsmi saytından dəqiqləşdirin. - “Aeroexpress” xidmətindən istifadə etmək: “28
May” metro stansiyasından hava limanına rahat və tıxacdan kənar
çatmaq üçün “Aeroexpress” ictimai nəqliyyatından yararlanın. - Parklanma qaydalarına riayət etmək: Nəqliyyat
vasitənizi yalnız rəsmi parklanma yerlərində saxlayın. Əks halda,
keçidlərin bağlanmasına və digər avtomobillərin hərəkətinə mane
olaraq süni tıxaclar yarada bilərsiniz. Qısa müddətli (3 dəqiqə)
dayanma üçün xüsusi “drop-off” zonalarından istifadə edin. - Parklanma ödənişlərini onlayn etmək: Vaxtınıza
qənaət etmək üçün AzParking, ABB, Birbank mobil tətbiqləri və ya
Tezödə platformasından istifadə edərək parklanma haqqını asanlıqla
onlayn ödəyə bilərsiniz. İlk 15 dəqiqəlik parklanma üçün ödəniş
tələb olunmur. - Xüsusi qayğıya ehtiyacı olan sərnişinlər:
Əlavə dəstəyə ehtiyacınız varsa, uçuşdan ən azı 48 saat əvvəl
aviaşirkətə müraciət edin.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün
xidmətləri Formula 1 dövründə gücləndirilmiş rejimdə fəaliyyət
göstərəcək. Səyahətinizi öncədən planlaşdırmaqla siz rahat,
təhlükəsiz və maneəsiz gediş-gəlişinizi təmin edə bilərsiniz.