Allahşükür Paşazadə Astanada bir sıra görüşlər keçirib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Qazaxıstan Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi
Dinlərin VIII Astana Qurultayında iştirakı çərçivəsində bir sıra
ikitərəfli görüşlər keçirib.

Bu barədə Trend-ə QMİ-nin Mətbuat Xidmətindən məlumat
verilib.

Bildirilib ki, Moskva və bütün Rusiya Patriarxı Kirillin
təşəbbüsü ilə keçirilən görüşdə Rus Pravoslav Kilsəsi ilə Qafqaz
Müsəlmanları İdarəsi arasında ənənəvi dini-mənəvi əməkdaşlıq
əlaqələrinin perspektivləri müzakirə edilib.

Qazaxıstan Respublikasının İnformasiya və Mədəniyyət naziri Aida
Balayeva ilə görüş zamanı qardaş ölkələrimiz arasında dini-mədəni
əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub,
ölkələrimizin dinlərarası dialoq prosesində fəal iştiraklarının
perspektivlərindən danışılıb, Astana Qurultaylarının və Bakının
evsahibliyi etdiyi dinlər və sivilizasiyalararası dialoq və
əməkdaşlığa dair beynəlxalq forum və təşəbbüslərdə müştərək
iştirakın davamlı olmasının vacibliyi vurğulanıb. Şeyxülislam
A.Paşazadə Astana Qurultayının hər zamankı kimi yüksək səviyyədə
təşkil olunmasına və qonaqpərvərliyə görə Qazaxıstan dövlətinə,
onun rəhbərliyinə, məsul şəxslərə dərin minnətdarlığını ifadə edib
və bunu qardaş Qazaxıstanın daha bir uğuru kimi dəyərləndirib.




Müsəlman Ağsaqqallar Şurasının Baş Katibi Məhəmməd Əbdüssəlam
ilə səmimi görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam
A. Paşazadənin üzvü olduğu bu mötəbər qurumun qarşıdakı
planlarından danışılıb. Azərbaycanın malik olduğu nümunəvi
məzhəblərarası anlaşma modelinin dünya miqyasında İslamdaxili
dialoq üçün örnək əhəmiyyəti xüsusi vurğulanıb və bu modelin
təşviqi istiqamətində səylər müzakirə edilib.

Vatikanın Dinlərarası Dikasteriyasının Prefekti Kardinal Corc
Ceykob Kuvakad ilə görüşdə Azərbaycan-Müqəddəs Taxt Tac arasında
münasibətlərin, habelə Qafqaz Müsəlmanları İdarəsi ilə Vatikan
arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub.
Bu münasibətlərin ənənəvi olaraq davam etdirilməsinin və beynəlxalq
dinlərarası əməkdaşlıq müstəvisində davamlı olaraq inkişaf
etdirilməsinin vacibliyi vurğulandı, qarşıdakı planlar müzkirə
edilib.

Nüfuzlu beynəlxalq dinlərarası dialoq platforması olan Dünya və
ənənəvi Dinlərin VIII Qurultayı işini davam etdirir.