İsraildə “Azərbaycan yəhudiliyinin çiçəklənməsi” adlı kitabın təqdimatı olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət
Mərkəzinin rəhbəri Yeganə Salmanın və “Azİz – İsrail və Azərbaycan
Xalqlararası Əlaqə” Assosiasiyasının təşkilatçılığı ilə nəşr edilən
“Azərbaycan yəhudiliyinin çiçəklənməsi” (“Расцвет еврейства
Азербайджана”) adlı kitabın təqdimatı olub.

Trend
xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat
yayıb.

Bildirilib ki, təqdimat mərasimi Azərbaycan Respublikasının
İsrail Dövlətindəki Səfirliyində baş tutub. Kitabın müəllifi Yeganə
Salmandır.

Tədbirdə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov,
İsraildə yaşayan diaspor nümayəndələrimiz, yəhudi icmasının
üzvləri, ictimai xadimlər, elm və mədəniyyət sahəsinin
təmsilçiləri, eləcə də kitabda bioqrafiyası yer alan şəxslərin
yaxınları iştirak ediblər.




Kitabda Ümummilli Lider Heydər Əliyevin həm Sovet hakimiyyəti
dövründə, həm də Azərbaycanın müstəqillik illərində yürütdüyü
uğurlu siyasət nəticəsində ölkənin yəhudi icmasının ictimai, elmi
və mədəni həyatdakı fəaliyyətindən geniş şəkildə bəhs olunub.
Nəşrdə, həmçinin Azərbaycandakı yəhudi mənşəli ziyalıların,
alimlərin, sənətkarların və ictimai xadimlərin bioqrafik
məlumatları toplanıb.

Müəllif Yeganə Salman layihənin əhəmiyyətindən danışaraq
“Azərbaycan yəhudiliyinin çiçəklənməsi” adlı kitabın ilk dəfə iki
il əvvəl İsraildə çapdan çıxdığını və Ulu Öndər Heydər Əliyevin
anadan olmasının 100 illiyinə həsr edildiyini bildirib.

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Azərbaycan və
yəhudi xalqları arasında əsrlər boyu mövcud olan dostluq və
qarşılıqlı hörmət münasibətlərinə diqqət çəkib. O, tolerantlıq və
multikultural dəyərlərin Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi
olduğunu, bu ənənələrin isə ölkəmizin müxtəlif millət və dinlərin
nümayəndələri üçün doğma vətənə çevrilməsinə zəmin yaratdığını
vurğulayıb.

Tədbirin sonunda Azərbaycandakı yəhudilərin tarixi haqqında
videoçarx nümayiş olunub.