Cənubi Qafqazda sülh prosesi: strateji nəticələr və yeni regional sistem

Baş səhifə

ABŞ prezidenti Donald Trampın Cənubi Qafqazla bağlı son sülh
təşəbbüsü sadəcə növbəti diplomatik addım deyil, bölgənin
geosiyasətində dönüş nöqtəsi ola biləcək tarixi hadisədir. 2025-ci
il avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və
Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən
görüş, eləcə də sonrakı hadisələr Vaşinqtonun bu strateji
əhəmiyyətli məkanda mövqelərini möhkəmləndirmək niyyətini açıq
şəkildə nümayiş etdirdi. Tramp əldə olunan nəticələrdən
məmnunluğunu gizlətmir, şəxsi rolunu önə çəkir və özünü “Bakı ilə
Vaşinqton arasında əbədi dostluğun memarı” adlandırır. Azərbaycan
və Ermənistan liderlərinin sosial şəbəkələrdə səsləndirdiyi
təşəkkürlər göstərir ki, ABŞ vasitəçiliyi hər iki tərəf tərəfindən
yüksək qiymətləndirilib.

Fəqət siyasi bəyanatların arxasında mürəkkəb iqtisadi reallıq
dayanır. Son aylarda Azərbaycanla Rusiya arasında siyasi
münasibətlərdə soyuqluq müşahidə olunsa da, ticarət göstəriciləri
əks dinamikanı nümayiş etdirir. 2024-cü ildə iki ölkə arasında
ticarət dövriyyəsi 4,8 milyard dollar təşkil edib. Bunun 3,62
milyardı Rusiyadan idxal, 1,18 milyardı isə Azərbaycanın ixracı
olub. Mənfi saldo 2,44 milyard dollara çatıb. 2025-ci ilin ilk
rübündə Rusiya İtaliya və Türkiyədən sonra Azərbaycanın üçüncü ən
böyük ticarət tərəfdaşı olub və ümumi dövriyyənin 12%-ni təmin
edib.

Malların strukturu qarşılıqlı asılılığın dərinliyini göstərir:
Rusiya Azərbaycana əsasən xam neft, yanacaq, qızıl, buğda, polad və
digər sənaye xammalı ixrac edir. Azərbaycan isə Rusiyaya əsasən
kənd təsərrüfatı məhsulları – pomidor, xurma, fındıq, eləcə də
polimerlər satır. Bu iqtisadi bağlar Bakı ilə Vaşinqton arasındakı
siyasi yaxınlaşma fonunda mövcud olmaqla Azərbaycanın çoxvektorlu
xarici siyasət kursunu nümayiş etdirir.

Azərbaycan eyni zamanda Şərqlə Qərb arasında əsas enerji və
tranzit qovşağına çevrilməkdədir. Son 20 ildə ölkədə 21 min
kilometrdən artıq yol, 1500 kilometrdən çox dəmir yolu, yüzlərlə
körpü və tunel inşa və bərpa olunub. Bakı-Tbilisi-Qars dəmir yolu,
“Şimal-Cənub” və Orta Dəhliz layihələri, Bakı dəniz limanının
modernləşdirilməsi ölkənin tranzit imkanlarını genişləndirir.

Strateji baxımdan ən mühüm təşəbbüs isə Prezident İlham Əliyevin
fəal şəkildə irəli sürdüyü Zəngəzur dəhlizidir. Bu nəqliyyat
marşrutu yalnız Cənubi Qafqazı deyil, bütün Mərkəzi Asiyanı
logistika baxımından dəyişdirə bilər. 2025-ci ilin avqustuna olan
məlumata görə, dəhlizin Azərbaycan hissəsində dəmir yolu şəbəkəsi
demək olar ki, hazırdır. 2026-cı ilin yazına qədər illik ötürücülük
qabiliyyəti 15 milyon ton yükə çatacaq.

ABŞ-ın “Tramp Marşrutu” təşəbbüsü Zəngəzur dəhlizinin tərkib
hissəsi kimi təqdim olunur və ciddi maliyyə dəstəyi ilə müşayiət
edilir. Vaşinqton artıq Ermənistanın infrastruktur layihələri üçün
145 milyon dollar ayıracağını açıqlayıb. Bu, ABŞ-ın bölgədə təkcə
siyasi deyil, həm də iqtisadi möhkəmlənməyə çalışdığını sübut
edir.

Bu layihələrin əhəmiyyəti sırf regional logistikadan kənara
çıxır. Cənubi Qafqazın qlobal ticarət marşrutlarına inteqrasiyası
Rusiyanı yan keçməklə Mərkəzi Asiyanın zəngin nadir torpaq
elementlərinə çıxış imkanı yaradır. “World Population
Review”nun
məlumatına görə, Çinin nadir torpaq metalları
ehtiyatı 44 milyon metrik tonla dünya üzrə birincidir. Vyetnam və
Braziliya bu həcmin yarısına yaxın ehtiyatlara sahibdir. Rusiya,
Hindistan və Avstraliya da ciddi resurs potensialı ilə fərqlənir.
Bu elementlər smartfonlardan tutmuş elektromobillərə və silah
sistemlərinə qədər yüksək texnologiyalı məhsulların istehsalı üçün
həyati əhəmiyyət daşıyır.

ABŞ diplomatiyasının fəallaşdığı bir vaxtda Rusiyaya qarşı
beynəlxalq sanksiyalar qüvvədə qalır. Amma onların effektivliyi
hələ də müzakirə mövzusudur. 2025-ci ilin sentyabrında Avropa
İttifaqı gözlənilmədən Rusiyaya qarşı yeni, 19-cu sanksiya
paketinin təqdimatını qeyri-müəyyən müddətə təxirə saldı. “Politico”nun məlumatına görə, məsələ Avropa İttifaqı
ölkələrinin Daimi Nümayəndələr Komitəsinin gündəliyindən çıxarılıb,
çünki həm Brüssel, həm də ABŞ prezidenti Donald Tramp Slovakiya və
Macarıstanı Rusiya neftindən asılılığı azaltmağa məcbur etməyə
fokuslanıb.

Tramp dəfələrlə Avropa müttəfiqlərini Rusiya enerji
daşıyıcılarını almaqda davam etdiklərinə görə sərt şəkildə tənqid
edir və bunu NATO-nun mövqeyini zəiflədən “şokedici” addım
adlandırır. ABŞ prezidenti açıq bəyan edib ki, yalnız bütün NATO
ölkələri Moskvanın neftindən imtina etdikdə və addımlarını
koordinasiya etdikdə Rusiyaya qarşı ən ağır sanksiyaları tətbiq
etməyə hazır olacaq.

2025-ci ilin əvvəlində qəbul edilən 16-cı sanksiya paketi isə
daha sərt tədbirləri əhatə edirdi: 48 fiziki şəxs və 35 quruma
qarşı məhdudiyyətlər, 13 rus bankının SWIFT-dən ayrılması, “kölgə
donanması”na aid 74 gəminin qara siyahıya salınması, Rusiyadan
ilkin alüminium idxalına qadağa və digər addımlar. Bütün bunlar
Moskvanın iqtisadiyyatına davamlı təzyiqi göstərsə də, onların
nəticəliliyi hələ də mübahisəlidir.

Rusiya rəsmiləri ABŞ-ın Cənubi Qafqazdakı təşəbbüslərinə istehza
ilə yanaşaraq bildirirlər ki, Ağ Evdə imzalanan sənədlər əsasən
beynəlxalq mətbuatda müsbət görüntü yaratmaq məqsədi daşıyır. Lakin
bu ritorikanın arxasında Moskvanın bölgədə ənənəvi təsir dairəsini
itirmək qorxusu aydın görünür.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması və
“Tramp Marşrutu”nun paraflanması təkcə Cənubi Qafqaz ölkələri üçün
deyil, həm də ABŞ üçün böyük qələbədir. Bu prosesin əsas məğlubu
isə Rusiya oldu.

Vaşinqtonun diplomatik uğuru Moskvanın yanlış hesablamalarının
və imperiya təfəkkürünün nəticəsidir. Rusiya rəhbərliyi hələ də
qonşu dövlətləri öz təsir dairəsinin tərkib hissəsi kimi görür və
onların suverenliyini nəzərə almır.

Bu yanaşma Moskvanın qonşularını birdəfəlik ondan uzaqlaşdırdı.
Halbuki həmin ölkələr Rusiyanın tərəfdaşı ola bilərdilər. Onlar isə
əksinə, Vaşinqton və Brüsselin dəstəyinə üstünlük verdilər. Rusiya
isə təsirini saxlamaq üçün etnik münaqişələrdən, hərbi
müdaxilələrdən və iqtisadi təzyiqdən istifadə edir. Nümunə kimi,
Qazaxıstan neftini daşıyan kəmərlərin işindəki süni fasilələr
göstərilir. Bu fasilələr Astananın Orta Dəhliz istiqamətində
fəallaşdığı diplomatik dönəmə təsadüf edib.

Uğuru möhkəmləndirmək üçün Vaşinqtonun təkcə qarşılıqlı ticarət
bəyannaməsi (TRIPP) ilə kifayətlənməsi yetərli deyil. Yeni
nəqliyyat marşrutlarının açılması, Ermənistan üzərindən Azərbaycan
və Türkiyəyə çıxışın təmin edilməsi və bu yolların qlobal ticarətə
inteqrasiya olunması zəruridir. Mərkəzi Asiya ilə əlaqələrin
genişlənməsi Orta Dəhlizi möhkəmləndirəcək, Rusiyanı yan keçməyə
imkan yaradacaq və strateji resurslara çıxış açacaq.

Belə strategiya yalnız Moskvanın Cənubi Qafqazdakı mövqelərini
zəiflətməyəcək, həm də Rusiyaya qarşı tətbiq edilən sanksiyaları
tamamlayacaq, Ukraynaya hərbi dəstəyi gücləndirəcək və Kremlin
üzərində kollektiv təzyiq effektini artıracaq. Mütəxəssislərin
qənaətinə görə, bu strategiyanın effektiv həyata keçirilməsi
Mərkəzi Asiyada sabitlik və təhlükəsizliyi təmin edəcək, ABŞ ilə
əlaqələri dərinləşdirəcək, regionu beynəlxalq investisiyalar üçün
açacaq və demokratik institutları möhkəmləndirəcək.

Azərbaycan isə paralel olaraq həm Qərblə, həm də regionun əsas
oyunçuları ilə əməkdaşlığı gücləndirir. Xüsusilə Özbəkistanla
əməkdaşlıqda nəzərəçarpacaq uğurlar əldə olunub. İki ölkə sənaye,
rəqəmsal iqtisadiyyat, “yaşıl” enerji və təhsil sahələrində fəal
əməkdaşlıq edir. Orta Dəhliz üzərindən birgə logistika layihələri,
ikili diplom proqramları və elmi tədqiqatlar regional
inteqrasiyanın unikal platformasını formalaşdırır.

Türkmənistanla əməkdaşlıq da dinamik inkişaf edir. Əsas
lokomotiv isə enerji sektorudur. “Dostluq” yatağında birgə işlər,
İran üzərindən həyata keçirilən qaz svopları və birbaşa alışlar
münasibətlərin əsas istiqamətini təşkil edir. Təkcə 2025-ci ilin
əvvəlindən etibarən Bakı Aşqabaddan 155 milyon kubmetrdən çox qaz
alıb və bunun dəyəri 23,3 milyon dollar olub.

Azərbaycanla Ermənistan arasında ABŞ patronajı altında baş tutan
sülh prosesi təkcə uzunmüddətli münaqişənin diplomatik həlli deyil,
bütün regionun geosiyasi memarlığında fundamental dəyişiklik
deməkdir. Amerikanın vasitəçilik uğuru Rusiyanın təsirinin tədricən
zəiflədiyini və digər xarici oyunçuların rolunun artdığını nümayiş
etdirir.

Azərbaycan üçün bu proses suverenliyin möhkəmləndirilməsi,
xarici siyasət kursunun şaxələndirilməsi və ölkənin tranzit
potensialının reallaşdırılması baxımından yeni imkanlar açır.
Zəngəzur dəhlizi və “Tramp Marşrutu” kimi layihələr ölkəni Avropa
ilə Asiya arasında əsas logistika qovşağına çevirə, ciddi iqtisadi
dividendlər qazandıra bilər.

Bakı Qərblə əməkdaşlığı inkişaf etdirməklə yanaşı, Moskva ilə də
işlək münasibətləri qoruyur ki, bu da mövcud geosiyasi şərtlərdə
asan vəzifə deyil.

Region böyük dəyişikliklərin astanasındadır. Bu dəyişikliklərin
uğuru yalnız maraqlı ölkələrin liderlərinin siyasi iradəsindən
deyil, həm də müxtəlif güc mərkəzləri arasında tarazlıq tapmaq və
Cənubi Qafqaz xalqlarının hamısına fayda gətirəcək davamlı inkişafı
təmin etmək bacarığından asılı olacaq.