
Bakı. Trend:
Sentyabrın 17-də Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan
Rəssamlar İttifaqının və UNESCO-nun ixtisaslaşmış qurumunun üzvü
Milena Nəbiyevanın “Əsrlərin sədasında xalça sehri” adlı fərdi
sərgisi açılıb.
Bu barədə Trend-ə Azərbaycan Milli Xalça Muzeyindən məlumat
verilib.
Bildirilib ki, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin
direktoru Əminə Məlikova, Xalq rəssamı, professor Arif Hüseynov,
Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin
rəhbəri, Xalq rəssamı Aydın Rəcəbov, Əməkdar incəsənət xadimi,
professor Kübra Əliyeva, millət vəkili Razi Nurullayev çıxış edərək
rəssamın yaradıcılığı və sərginin əhəmiyyətindən danışıblar.
Sərgidə müəllifin müxtəlif dövrlərdə ərsəyə gətirdiyi 40-dan
artıq əsər təqdim olunur. Azərbaycan xalça kompozisiyalarının,
ornamentlərinin mühüm yer tutduğu bu əsərlərdə milli memarlıq,
təbiət və çiçək motivləri müasir rəssamlıq dili ilə əks
etdirilib.
Orijinal bədii yanaşması ilə seçilən Milena Nəbiyeva öncə
naxışları kətana köçürür, sonra həmin zəngin fon üzərində əsas
süjeti qurur. Bu üsulla xalça motivlərinin Azərbaycanın memarlıq
abidələri, doğma bölgələrin təbiət mənzərələri, nemətləri və s. ilə
mükəmməl vəhdətini yaratmağa nail olur. Sərgidə təqdim olunan
“Cənnət bağından heyva”, “Bazar səhəri”, “Malıbəyli”, “Aşiq olmaq”,
“Sevgi buketi”, “Özünəinam buketi” və digər əsərlər bu baxımdan
xüsusilə maraqlıdır. Onlarda keçmişin estetik kodları çağdaş
təfəkkürlə qovuşur, naxışların dili ilə tariximizə, Azərbaycanın
zəngin mədəniyyətinə dərin ehtiram ifadə edilir.
“Əsrlərin sədasında xalça sehri” sərgisinin Azərbaycan Milli
Xalça Muzeyində keçirilməsi rəssamın yaradıcılığında milli xalça
kompozisiyaları və ornamentlərinə geniş yer verməsi ilə
əlaqədardır. Muzey xalça mövzusuna müraciət edən rəssamları daim
dəstəkləyir və bu sərgi də həmin diqqətin bariz nümunəsidir.
Qeyd edək ki, rəssamın əsərləri bugünədək Bakı, Paris, Ankara və
Sankt-Peterburq şəhərlərində keçirilən sərgilərdə nümayiş olunub.
“Əsrlərin sədasında xalça sehri” sərgisi isə onun Azərbaycan mədəni
irsini rəng, naxış və yeni ideyalarla ifadə etdiyi sənət yolunda
növbəti mərhələdir.
Sərgi sentyabrın 21-dək davam edəcək.